...

ABƏŞ müvəqqəti olaraq iki marşrut üzrə neft ixracını dayandıracaq

Energetika Materials 30 Mart 2007 13:58 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Aprel ayında Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Bakı-Novorossiysk şimal boru kəməri marşrutu və Gürcüstanın Batumi limanı istiqamətində dəmir yolu vasitəsilə öz neftinin ixracını dayandıracaq. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) məlumat verilib.

Ötürülmənin dayandırılması Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması və məhz bu marşruta iri neft həcminin yenidən istiqamətləndirilməsi ilə izah olunur.

Hazırda BTC vasitəsilə sutkada 600 min barrel neft daşınır. Boru kəmərinin layihə ötürücülük qabiliyyəti sutkada 1 mln. barrel təşkil edir.

Adətən boru kəmərinin nasos stansiyaları üçün yanacaq kimi istifadə olunan qazın olmaması səbəbindən BTC-də dizel yanacağı istifadə olunub və bu da daşınma həcmini artırmağa imkan verməyib.

Nasos stansiyalarına artıq "Şahdəniz" yatağından qaz çatdırılır, bu da BTC boru kəmərinin ötürücülük qabiliyyətini artırmağa imkan verəcək. İkinci yarımildə BP daşınma həcmini layihə ötürücülük qabiliyyəti olan sutkada 1 mln. barrelə çatdırmaq niyyətindədir.

Aprelin ortasında ABƏŞ keçən ilin sonundan etibarən təmir işləri aparılan Bakı-Supsa boru kəməri qərb marşrutu ilə neft ixracını bərpa etmək niyyətindədir.

Yanvar-fevralda "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən ABƏŞ müxtəlif istiqamətlərdə 4,7 mln. ton neft ixrac edib. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,1 mln. ton çoxdur.

Bakı-Novorossiyk boru kəməri vasitəsilə ("şimal" marşrutu) 2007-ci ilin fevralında 282,75 min ton neft ixrac olunub. 2006-cı ilin fevralında isə 316 min ton neft ixrac olunub.

Gürcüstan istiqamətində Batumi limanına (ExxonMobil və Devon şirkətləri istisna olmaqla) 2007-ci ilin fevralında 240,33 min ton neft yüklənib. 2006-cı ilin fevralında isə 438 min ton neft təşkil edib.

Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə 2007-ci ilin fevralında 2 mln. 025 min ton neft (17 tanker) ixrac olunub. Bu istiqamətdə neft ixracı 2006-cı ilin iyununda başlanıb.

Xəbər lenti

Xəbər lenti