Bakı. Trend:
İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistanda səfərdə olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Dövlət Neft Şirkətinin, Azərbaycan Sənaye Korporasiyasının rəhbər şəxsləri daxildir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tacikistanın Baş naziri Koxir Rəsulzadə ilə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri Şahin Mustafayev Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrimiz inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birgə tədbirlər təşkil edilir. İndiyədək Azərbaycan və Tacikistan arasında 60-a yaxın sənəd imzalanıb. 2018-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 3,1 dəfə artıb.
Ş.Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini vurğulayıb.
Tacikistanın Baş naziri Koxir Rəsulzadə Azərbaycan nümayəndə heyətinin Tacikistana səfərinin, aparılan müzakirələrin Azərbaycan-Tacikistan əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə edilib.
Sonra Ş.Mustafayev Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri Neymətulla Hikmətullazadə ilə görüşüb.
Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi tədbirləri barədə fikir mübadiləsi aparılıb, Tacikistana kənd təsərrüfatı və sənaye məhsullarının ixracına, ixrac missiyalarının təşkilinə, investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılmasına, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə, Trans-Xəzər Nəqliyyat Dəhlizinə əlavə yük həcmlərinin cəlb edilməsinə, Azərbaycan peyklərindən istifadəyə, kənd təsərrüfatı sahəsində əməkdaşlığa, Düşənbə-Bakı birbaşa hava reysinin bərpa edilməsinə dair müzakirələr aparılıb.
İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Tacikistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Vurğulanıb ki, ölkələrimiz arasında dəmiryolu və hava nəqliyyatı, beynəlxalq avtomobil daşımaları sahələrində hökumətlərarası sazişlər imzalanıb. Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Ş.Mustafayev Tacikistanla logistika-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, Tacikistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş şəkildə istifadə edə biləcəyini qeyd edib. İqtisadiyyat naziri bildirib ki, hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir Ş.Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat-logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.
Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri Neymətulla Hikmətullazadə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşün səmərəli olduğunu, aparılan müzakirələrin Tacikistan-Azərbaycan əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüb.
Görüşdə həmçinin, Azərbaycan və Tacikistan arasında sənaye məhsullarının, xüsusilə də Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının Tacikistana ixracına, yerli məhsullarımızın Tacikistanda həyata keçirilən layihələrdə istifadəsinə, Tacikistanda keçirilən tenderlərdə Azərbaycan şirkətlərinin iştirakına, sənaye məhsullarımızla yaxından tanışlıq məqsədilə Azərbaycanın sənaye müəssisələrinə səfərlərin təşkilinə, Tacikistanda təqdimatların keçirilməsinə dair müzakirələr aparılıb.
Bundan başqa, kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, ipəkçilik sahələrində təcrübə mübadiləsinə və əməkdaşlığa, turizm sahəsində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.