Bakı. Trend:
İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq.
Trend xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyində Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Elçinin müavini Cenifer Morqan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.
O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük maliyyəçisidir.
“Biz sadəcə ümid edirdik bu ilki COP-da maliyyəni artıra və başqalarını da bunu etməyə təşviq edə bilərik. Bir qrup inkişaf etmiş ölkə hazırda COP28-də tələb olunduğu kimi uyğunlaşma maliyyəsi üzrə irəliləyiş haqqında hesabat hazırlayır və biz ümid edirik ki, bu, həqiqətən də güclü mübadilə ola bilər”, - Cenifer Morqan əlavə edib.
Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.
Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən
il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul
edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80
minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer
Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of
Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan
olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə
iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il
keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu
və onun katibliyi Bonnda yerləşir.