...

Gələn həftə "Azerspace" peykinin orbitə buraxılması üzrə tender qalibi elan olunacaq

Telekommunikasiya Materials 1 Oktyabr 2010 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Gələn həftə ilk Azərbaycan telekommunikasiya peyki "Azerspace"in orbitə buraxılması üzrə tender qalibinin elan olunacağı gözlənilir. Bu barədə Trend-ə cümə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda deyilir.

Bu gün nazirlik tərəfindən raketdaşıyıcılar istehsal edən şirkətlərin təkliflərinin qiymətləndirilməsi üzrə işlər tamamlanıb. Nazirlik tərəfindən "ILS", "Arianespace", "SpaceX" və "Ukroboronservis" adlı dörd dünyaşöhrətli şirkətlərin təkliflərinə baxılıb.

Layihə çərçivəsində kosmik aparatın buraxılışı üçün raketdaşıyıcılarının texniki və texnoloji həllərinin əsas xarakteristikası hazırlanacaq.

"Azerspace"in buraxılışı 2012-ci ilin iyul-avqust aylarında gözlənilir, bundan sonra növbətinin, gələcəkdə isə bir neçə peykin buraxılması layihəsinin gerçəkləşməsi planlaşdırılır.

Peyk Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülən 46 dərəcəli şərq uzunluq orbit mövqeyində yerləşdiriləcək. "Azerspace"in xidmətinə Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

"Azerspace" peykinin istehsalçıları Amerikanın "Orbital Sciences Corporation" şirkətidir.

Peyk rəqəmsal teleradio verilişi, İnternet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multimedia şəbəkələrinin yaradılması üçün xidmət göstərmək üçün müəyyən olunub. Peyk S-diapazonlu ( 4-6 GHz tezlik zolağı) 24 transponder və Ku diapazonlu ( 11-13 GHz tezlik zolağı) 12 transponderlə təchiz ediləcək. Orbitdə istismar müddəti 20 ilə qədərdir.

Azərbaycanın layihənin gerçəkləşməsinə qoyduğu kapital nazirliyin hesablamalarına görə, 319 milyon manat təşkil edəcək ki, bunun da 127 milyonu istismar xərclərinin payına düşəcək. Layihə istismardan altı il sonra qoyulmuş investisiyaları əhatə edəcək. "Azerspace" milli telekommunikasiya peykinin buraxılışı layihəsindən alınan gəlirin həcmi 495 milyon manat təşkil edəcək. Artım 176 milyon manat təşkil edəcək. Alınan gəlir ölkənin texnoloji inkişafına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti