Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev /
Bu il mayın 24-25-də Bakıda Regional Rabitə Əməkdaşlığının (RRƏ) İqtisadi Əlaqələr Komissiyasının iclası keçiriləcək. Bu barədə cümə günü RRƏ-nin məlumatında deyilir.
İclas iştirakçıları rabitə xidmətləri bazarının liberallaşdırılması məsələlərinə, informasiya risklərini azaldılması üsullarına, rabitə operatorlarının şəbəkələrarası qarşılıqlı fəaliyyəti üzrə tarif siyasətinə, rabitə xidmətlərinin yeni növlərinə və digər məsələlərə baxacaqlar.
RRƏ İqtisadi Əlaqələr Komissiyası 17 il ərzində RRƏ-nin işçi orqanı kimi fəaliyyət göstərir.
Komissiyanın başlıca vəzifəsi RRƏ iştirakçıları üçün qarşılıqlı maraq doğuran rabitə və informasiyalaşdırmanın iqtisadi məsələlərinin həlli üçün nisbətən daha əlverişli şərait yaradılmasına razılaşdırılmış və əlaqələndirilmiş yanaşmadan ibarətdir.
Komissiyanın tərkibinə RRƏ rabitə administrasiyasının, eləcə də rabitə operatorlarının nümayəndələri daxildir.