...

"Azerfon" və "Nokia Siemens Networks" BakuTel-2011 sərgisində müasir texnologiyaları təqdim edirlər (FOTO)

Telekommunikasiya Materials 25 Noyabr 2011 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

3G xidmətlərinin ilk provayderi olan "Azerfon" və "Nokia Siemens Networks" şirkətləri BakuTel-2011 sərgisində iştiraka dair mətbuat konfransı keçirib və MDB məkanında ilk dəfə tətbiq edilən bir sıra innovativ mobil rabitə həlləri və layihələri təqdim ediblər. Bundan əlavə, "Azerfon" şirkəti "Nokia Siemens Networks" ilə 80 milyon ABŞ dolları məbləğində saziş imzaladığını bildirib. Bu saziş çərçivəsində şəbəkə avadanlığının istehsalı sahəsində lider olan NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaq.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, BakuTel-2011 sərgisində "Azerfon" şirkətinin təqdim etdiyi ən son yeniliklər və NSN şirkətinin müasir şəbəkə texnologiyaları informasiya texnologiyaları və rabitə sahəsində MDB bazarında Azərbaycanın lider mövqelərini möhkəmləndirəcək.

"Azerfon şirkəti Azərbaycanda ən innovativ və şəffaf mobil operator olmaqla, Azərbaycanda mobil rabitə sahəsində ilk dəfə olaraq bir sıra yeni texnoloji həllər təklif edib. Mən regionda informasiya texnologiyaları və rabitə sahəsində ən böyük sərgi olan BakuTel-2011-in imkanlarından istifadə edərək bildirmək istərdim ki, hazırda biz MDB-də ilk dəfə olaraq bir sıra yeni innovativ həllər və layihələr təklif etmişik. Əvvəla, hazırda biz NSN şirkəti ilə əməkdaşlıqda 3G stansiyalarının yerləşmə sıxlığının əhalinin sayına nisbətini nəzərə almaqla təkcə Azərbaycanda deyil, həm də bütün MDB məkanında əhatə dairəsinə görə ən geniş 3G şəbəkəsi üzərində işləri başa çatdırırıq. İkinci mühüm bir yenilik isə Azerfon-un MDB ərazisində ilk dəfə olaraq təyyarələrdə geniş çeşidli mobil rabitə xidmətlərini təqdim etməyə hazırlaşmasıdır. 2012-ci ilin aprelindən etibarən, AZAL-ın bütün sərnişinləri təyyarədə olarkən mesaj göndərəcək, zəng edə və internetdən istifadə edə biləcəklər. Bu innovativ və unikal xidmət spektri şübhəsiz ki, informasiya texnologiyaları və rabitə sahəsinin inkişafı üzrə qlobal hesabatlarda Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir", - "Azerfon" şirkətinin baş icraçı direktoru Yurgen Pitz deyib.

"3G şəbəkələrinin inkişafında dünya miqyaslı lider olan "Nokia Siemens Networks" şirkəti Azərbaycanda dinamik texnoloji artımın bir hissəsi olmaqdan və şəbəkənin müasirləşdirilməsi layihəsində "Azerfon" şirkətini dəstəkləməkdən qürur hissi duyur. Azərbaycan əhalisinə ən yüksək səviyyəli mobil rabitə xidmətlərini göstərmək məqsədilə hazırda biz Azerfon şirkətinin şəbəkəsini mükafata layiq görülmüş "Flexi Multiradio" baza stansiyaları ilə müasirləşdiririk. Texnoloji baxımdan ən yenilikçi olmaqla yanaşı, bu avadanlıq ən yüksək ətraf mühit tələblərinə uyğundur və bir çox nüfuzlu beynəlxalq mükafatlara, o cümlədən CTIA Simsiz Rabitə Assosiasiyasının "Ətraf Mühitə Uyğun Şəbəkə Cihazları və İnfrastruktur Mükafatı"na layiq görülüb", - "Nokia Siemens Networks" şirkətinin Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindəki rəhbəri Ernst Nassi bildirib.

"Nəhayət, bu avadanlıq haqqında ən mühüm fakt ondan ibarətdir ki, o, şəbəkəni LTE-nin tətbiqi üçün tam hazır vəziyyətə gətirir. Bu gün "Nokia Siemens Network" şirkəti bütün dünyada LTE şəbəkələrinin qurulmasında qlobal liderdir. Hazırda 35 kommersiya xarakterli LTE şəbəkəsinin 16-sı "Nokia Siemens Networks" şirkətinin avadanlığı, eləcə də ABŞ-da 2 milyondan artıq istifadəçiyə xidmət göstərən dünyada ən iri LTE şəbəkəsinə əsaslanır", - Nassi əlavə edib.

Azerfon şəbəkəsi Azərbaycan Respublikasının ərazisinin 80%-ni əhatə edir. Bu günədək Azerfon şəbəkəsindən 1,7 milliona qədər abunəçi istifadə edib.

Xəbər lenti

Xəbər lenti