...

2013-cü ildə Azərbaycanda genişzolaqlı internetin inkişafına 370 milyon dollardan çox vəsait ayrılacaq

Telekommunikasiya Materials 22 Dekabr 2012 15:23 (UTC +04:00)
2013-cü ildə Azərbaycanın regionlarında genişzolaqlı infrastrukturun genişləndirilməsinə 291 milyon manat ayrılacaq.
2013-cü ildə Azərbaycanda genişzolaqlı internetin inkişafına 370 milyon dollardan çox vəsait ayrılacaq

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir H.Vəliyev/

2013-cü ildə Azərbaycanın regionlarında genişzolaqlı infrastrukturun genişləndirilməsinə 291 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin baş direktoru, Məhəmməd Məmmədovun hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyilir.

Məmmədovun sözlərinə görə, "Aztelekom"un layihəsi baxılması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. "Bu layihə ilə biz xüsusilə də, regionlarda multi-media xidmətlərinin və genişzolaqlı internetin hər bir ailəyə çatdırılmasını təmin etməyi qarşımıza məqsəd qoymuşuq", - o qeyd edib.

"Bu layihədə mövcud stansiyaların tədricən NGN stansiyaları ilə əvəz edilməsi, alternativ magistral optik kabellərin tikintisi, DWDM üzərindən yüksək sürətli İP-MPLS şəbəkəsinin qurulması planlaşdırılır. Transmissiya şəbəkəsində özəl provayderlərə də yüksək sürətli internetin daşınması üçün şərait yaradılacaq", - Məmmədov bildirib.

Onun sözlərinə görə, optik kabelin abunəçiyə yaxınlaşdırılması, iri şəhərlərdə GPON xidmətlərinin göstərilməsi də layihədə öz əksini tapıb, bundan başqa CDMA 1xEV-DO və WİMAX texnologiyasının tətbiqi ilə simsiz genişzolaqlı internet xidmətlərinin çətin relyefdə yerləşən (dağ rayonları) əhaliyə çatdırılması təmin olunacaq.

Mənəvi cəhətdən köhnəlmiş analoq ATS-lərin yeni elektron stansiyalar ilə əvəz olunması və optik şəbəkənin genişləndirilməsi ilə genişzolaqlı internet xidmətləri üçün infrastrukturu yarandı. 2012-ci ildə kənd EATS-lərinin birləşdirici optik kabellərinin tikintisi davam etdirilib, ilin əvvəlindən 2000 kilometr müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilib. Genişzolaqlı internet xidmətləri üçün infrastrukturun yaranması özəl operatorların da regionlara axınını təmin edib. Belə ki, hal-hazırda regionlarda 19 internet provayder bu xidmətləri göstərir və bu provayderlərin sayı artmaqdadır.

"Aztelekom" İB-nin fəaliyyəti ümumrespublika xarakteri daşıyır və biz daha çox regionlarda İKT sahəsinin inkişafını təmin etməyə çalışırıq. Hətta, biz bölgələrdə iş qurmaq və fəaliyyət göstərmək istəyən sahibkarlara da şərait yaradırıq ki, produktiv iş şəraiti formalaşdıra bilsinlər. Bu gün 7 şirkət var ki, bölgələr də fəaliyyət göstərir və hazırda onların balansında 500 kilomterədək optik kabel mövcuddur" , - Məmmədov bildirib.

Onun sözlərinə görə, birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 2 dəfədən çox artaraq 110 mini keçib. Genişzolaqlı xidmətlərin aylıq həcmi ilin əvvəli ilə müqayisədə 75 faiz artıb.

Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 20 faizə çatmaq üzrədir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə bu göstərici cəmi 8,7 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti