...

Səfir: Argentina Azərbaycanın kosmik sənayesinin inkişafında iştirak etməyə hazırdır

Telekommunikasiya Materials 13 İyun 2013 19:12 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Səfir: Argentina Azərbaycanın kosmik sənayesinin inkişafında iştirak etməyə hazırdır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb. Bu barədə Trend cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir Əli Abbasov əlaqələrimizin daha da genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyini önə çəkərək, Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun 2011-ci ilin noyabrında Azərbaycana səfəri zamanı İKT sahəsində əməkdaşlığa dair ilkin addımın atıldığını, səfər zamanı iki nazirlik arasında imzalanması üçün qarşı tərəfin Anlaşma Memorandumunu təqdim etdiyini, eyni zamanda, sözügedən Memorandumun Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə imzalandığını xatırladıb.

Ölkələrimiz arasında əksər istiqamətlərdə, o cümlədən İKT sahəsi üzrə davamlı əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən səfir Karlos Dante Riva hər iki ölkənin prioritet istiqamətlərində texnoloji inkişafa üstünlük verildiyini qeyd edib. Əməkdaşlığımızın daha da intensivləşməsi, bu münasibətlərin genişləndirilməsində maraqlı tərəf kimi çıxış etdiklərinə diqqət çəkən diplomat birgə layihələrin reallaşmasına da toxunaraq, Argentinanın müxtəlif texnoloji layihələr üzrə ixtisaslaşan "INVAP" (Investigaciones Aplicadas) şirkəti ilə "Azərkosmos" ASC arasında məhsuldar görüşlərin keçirildiyini, eyni zamanda, şirkətin Azərbaycanda kosmik sənayenin inkişafına töhfə verə biləcəyini söyləyib.

Nazir də öz növbəsində telekommunikasiya, informasiya texnologiyaları və digər sahələrdə çalışan Argentina şirkətlərinin Azərbaycan bazarında iştirakının genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında İKT sahəsində əməkdaşlığın təşviqi məqsədilə 2013-cü ilin dekabrında keçiriləcək "BakuTel-2013" sərgi-konfransına argentinalı şirkətlərin də dəvət olunduğunu, onlar üçün sərgidə milli pavilyonun nəzərdə tutulduğunu, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Yüksək Texnologiyalar Parkı", eləcə də İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətindən gələcəkdə argentinalı şirkətlərin də faydalana biləcəklərini nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti