Azərbaycan, Bakı, 12 mart /Trend/
Cəmiyyətin xüsusi qayğıya və yardıma ehtiyacı olan ən önəmli təbəqələrindən biri yaşlı nəslin nümayəndələridir. Onlar uzun bir ömür sürüb, həyatın hər üzünü görüblər. Lakin təəssüf ki, yaşlı insanların heç də hamısına ömrünün sonunadək ailədə yaşamaq nəsib olmur.
Azərbaycanda yaşlılar üçün müxtəlif profilli sosial müəssisələr fəaliyyət göstərir. Bunlardan biri də Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri üçün Pansionatdır. Martın 11-də Azercell-in təşəbbüsü ilə həmin müəssisədə yeni təmirdən çıxmış Akt zalının açılışı oldu. Burada yaşlı insanların vaxtını səmərəli və maraqlı keçirməsi üçün hər cür şərait yaradılıb. Zalda filmlərin nümayişi üçün xüsusi disklər və ən yeni DVD avadanlığı təmin edilib. Akt zalı, həmçinin, musiqi dinləmək üçün müasir avadanlıqla təchiz olunub.
Yeni istirahət otağının açılış mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov yeni təmir olunan bu zalda yaşlı insanların istirahəti, asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaratdığına görə Azercell şirkətinə təşəkkürünü bildirib.
Azercell Telekom MMC-nin prezidenti Kiril Qaburiç bu layihəni şirkətin yaşlı insanlara verdiyi dəyər və diqqət kimi qiymətləndirib: "Yaşlılarımız həm ailəmizin, həm də cəmiyyətimizin ən dəyərli üzvləridir. Bu layihə Azercell-in yaşlı insanlara və onların keçmişdə bizlər üçün etdiklərinə verdiyimiz bir önəmdir. Ümid edirik ki, onlar xoş vaxt keçirəcək, bizim sevə-sevə topladığımız filmləri həvəslə seyr edəcəklər."
Tədbirdə, həmçinin, Pansionatın direktoru Qətibə Əsədova və pansionatın sakinləri çıxış edərək göstərilən diqqətə görə Azercell-ə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda estrada müğənnisi və uşaq rəqs ansamblının ifası ilə maraqlı konsert proqramı baş tutub.
Korporativ Sosial Məsuliyyətə böyük önəm verən Azercell Azərbaycanda onlarla iri sosial layihələr həyata keçirib. Bunlar sırasında daimi qayğı və xüsusi diqqətə ehtiyacı olan insanlarla bağlı müxtəlif proqramlar çoxluq təşkil edir. Azercell-in təşəbbüsü və dəstəyi ilə Mobil Göz və Mobil Diş Klinikaları internat evlərindəki, həmçinin aztəminatlı ailələrin uşaqların istifadəsinə verilib.
2014-cü ildə Azercell şirkəti müxtəlif yaş qrupları və fərqli sahələrdən olan insanlara dəstək göstərən sosial layihələri həyata keçirməkdə davam edir.