Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda HTML5 texnologiyası əsasında işləyən yeni OTT (Over-The-Top) platforması işə buraxılır. Bu barədə Trend-ə "A+A Group of Companies" şirkətindən məlumat verilib.
Yaxın bir həftə ərzində yeni OTT platformasından istifadə etmək mümkün olacaq. Platforma fərdi və planşet kompyuterlər, smartfonlar və müasir televiziya modellərinə uyğun gələcək.
Şirkətdən bildirilib ki, HTML5 texnologiyasının Adobe Flash lisenziyasına ehtiyacı olmadığından, istifadəçilər Smart-televizorların brauzerlərindən video kontentə baxa biləcəklər: "Bundan başqa, televiziya proqramlarının sayının artması, elektron televiziya bələdçisinin (EPG) xüsusiyyətlərinin tətbiq olunması, televiziya verilişlərinin yazılmasının mümkün olması, Youtube-da şəxsi kanalların yaradılması kimi yeniliklər olacaq".
Hazırda xidmət Sumqayıtda kommersiya istismarına buraxılıb. Payızda xidmətdən Bakıda da istifadə etmək mümkün olacaq.
Aylıq abunə haqqı 7 manat təşkil edir. Ödəniş haqqında bildiriş abunəçilərə avtomatik göndərilir. Ödənişi onlayn (ott.az saytı) və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək olacaq.