...

Azərbaycanda İKT-nin inkişafı üzrə tədbirlərin 9 faiz icra edilib

Telekommunikasiya Materials 11 Sentyabr 2017 16:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 9 faizi icra edilib, 35 faizinin icrası üzrə işlərə başlanılıb.

Trend-in məlumatına görə, bu barədə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində TASİM layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanıb və baxılması üçün bütün üzv olan operatorlara təqdim edilib. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülüb.

Hesabat dövründə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı işlərə cəlb edilib və bu əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılıb. Sözügedən təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilib, sorğu və müsahibə təşkil edilmiş, nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilib.

Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin icrası üzrə təkliflər, o cümlədən dəyişikliklər edilməli olan bəzi normativ hüquqi aktların siyahısı, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsi hazırlanıb, rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. “Hökumət bulud”un (“G-cloud”) texniki və iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı iş aparılır.

Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində noutbuk, elektron lövhə, proyektor və masaüstü kompüter avadanlıqlarının təchizatına başlanılıb. 2017-ci ilin yanvar-may ayları ərzində 34 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik, ADSL və simsiz bağlantı ilə qoşulub. “e-derslik.edu.az” portalında yeni dərsliklər nəşr olunub, habelə passiv mütaliə mövzusunda təhsilverənlər üçün videoçarxlar hazırlanıb.

Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinə başlanılıb. Dövlət İT sistemlərinin müasirləşdirilməsi ilə bağlı müvafiq işlər aparılıb, bir sıra layihələr hazırlanıb.

Qeyd olunur ki, bir sıra hallarda verilmiş tapşırığın icrası məqsədilə yalnız işçi qrupun yaradılması ilə kifayətlənib, konkret tədbirlər üzrə fəaliyyət həyata keçirilməyib. Prioritet çərçivəsində nəzərdə tutulan tədbirlərin hər biri üzrə verilmiş tapşırıqlar konkret təhlil edilməklə sistemli yanaşma mövcud deyil ki, bu da tədbirlərin icrasında gecikmələrə səbəb ola bilər.

Hesabatda tədbirlərdə nəzərdə tutulan tapşırıqlara ümumi deyil, nöqtəvi yanaşma tətbiq edilməklə, hər bir tapşırıq üzrə ayrılıqda fəaliyyətin təmin edilməsi tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti