...

Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb

Telekommunikasiya Materials 9 İyul 2018 11:36 (UTC +04:00)
Cari ilin birinci yarısında 20 mindən çox “E-imza” sertifikatı istifadəyə verilib.
Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb

Bakı. Trend:

Azərbaycanda "elektron imza" istifadəçilərinin sayı 2 dəfə artıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6780-i dövlət qurumlarının, 4542-si fiziki şəxslərin, 9132-si isə hüquqi şəxslərin payına düşür.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3440, hüquqi şəxslər üzrə 4560, fiziki şəxslər üzrə 1580) olub.

İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.

Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2184 “E-imza” sertifikatının 820-i dövlət qurumlarının, 1084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.

“E-imza” istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 28 869 002, hüquqi və fiziki şəxslər tərəfindən 8 435 955 olmaqla, ümumilikdə 37 304 957 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 5 663 144, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 770 263 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

“E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti