...

Azərbaycan energetikada süni intellektin tətbiqində əsas rol oynaya bilər – Boston Consulting Group (ÖZƏL MÜSAHİBƏ)

Telekommunikasiya Materials 22 Dekabr 2025 08:41 (UTC +04:00)
Azərbaycan energetikada süni intellektin tətbiqində əsas rol oynaya bilər – Boston Consulting Group (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan energetika sahəsində süni intellektin (Sİ) tətbiqində mühüm rol oynaya bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində baş ofisi ABŞ-ın Boston şəhərində yerləşən qlobal konsaltinq şirkəti "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və tərəfdaşı Anton Aristov bildirib.

Aristov qeyd edib ki, Azərbaycanın böyük təcrübəyə malik olduğu əsas sahələrdən biri energetikadır.

“Süni intellekti energetika sahəsində dərin bilik və təcrübə ilə, xüsusən də neft-qaz sektoru və daha geniş mənada enerji keçidi kontekstində birləşdirəndə, güclü bazar potensialı formalaşdırırsınız. Məhz burada Azərbaycan süni intellektin tətbiqinin irəlilədilməsində həlledici rol oynaya bilər. Xəzər Süni İntellekt İnstitutunu (Caspian AI Institute) yaradarkən əsas götürdüyümüz ikinci ideya isə onun fəaliyyətinin belə bir prinsip üzərində qurulması idi: resursların 70 faizi energetika sahəsində praktiki keyslərə, qalan 30 faizi isə qlobal ictimaiyyət üçün аktual olan qabaqcıl texnologiyaların sərhədlərini genişləndirən tədqiqatlara yönəldilməlidir.

Buradakı məntiq sadədir. Əgər yalnız milli enerji şirkəti üçün аktual olan keyslərə fokuslansanız, çox tez bir zamanda institut, əslində, artıq bir çox təşkilatlarda mövcud olan adi bir “Sİ departamenti”nə çevriləcək. Əksinə, resursların 30 faizinin qlobal maraq doğuran tədqiqatlara ayrılması beynəlxalq arenada əhəmiyyətli qalmağa və MIT, Stanford, Berkeley və Imperial College kimi aparıcı institutlarla əməkdaşlıq imkanları əldə etməyə şərait yaradır. Bu, sizə bir növ “daxilolma bileti” qazandırır. Məhz bu yanaşma bizim innovativ və perspektivli tədqiqat layihələrini seçməyimizi müəyyənləşdirir. Bunlardan biri AutonomousLab.AI-dir, lakin, əlbəttə ki, yeganə layihə deyil”, – deyə o izah edib.

Aristov əlavə edib ki, bu yaxınlarda Dubayda (BƏƏ) Azərbaycanın dövlət neft şirkəti SOCAR "Caspian AI Institute" ilə birgə innovativ bir yeniliyi təqdim edib – süni intellektin köməyi ilə yaradılmış, karbon qazının tutulması üçün nəzərdə tutulan ion mayesini. Bu maddə emissiyaların azaldılması prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilir.

“Lakin bu innovasiya yalnız konkret bir maddənin hazırlanması ilə məhdudlaşmır. O, süni intellektin prinsipial olaraq yeni kimyəvi birləşmələr yaratmaq qabiliyyətini nümayiş etdirir. Sistem müəyyən bir sahədə mövcud kimyanı "anlayan" – bu halda CO₂-nin tutulması üçün molekulları – əvvəlcədən öyrədilmiş modellər ardıcıllığından istifadə edir. Bu qarşılıqlı əlaqəli modellər karbon qazının tutulmasında istifadə olunan bütün elmi cəhətdən sənədləşdirilmiş ion mayelər əsasında öyrədilib. Hazırda elmi məlumat bazalarında bu cür təxminən 4 000 mayenin xüsusiyyətləri təsvir olunub.

Bu məlumat bazası əsasında təlimdən sonra süni intellekt qarşısında yeni molekullar hazırlamaq vəzifəsi qoyulub. Nəticədə o, təxminən 400 000 alternativ yaradıb ki, bu da hazırda mövcud olanlardan demək olar ki, 100 dəfə çoxdur. Süni intellekt tərəfindən yaradılmış bu nəhəng yeni molekullar bankı tədqiqatçılara onların xüsusiyyətlərini hesablama yolu ilə proqnozlaşdırmağa və ən perspektivli olanları diqqətlə seçməyə imkan verir. Söhbət əvvəllər heç vaxt sintez olunmamış və potensial olaraq CO₂-ni daha yüksək səviyyədə udmaq qabiliyyətinə malik ola bilən birləşmələrdən gedir”, – deyə o izah edib.

Aristov bildirib ki, artıq təxminən 40 molekul-namizəddən ibarət portfel formalaşdırılıb və ehtimal olunur ki, onlar sənayedə hazırda istifadə olunan birləşmələrlə müqayisədə CO₂-ni 50 faiz daha çox uda biləcəklər.

“Bu siyahıdan bir neçəsini seçərək İspaniyada laboratoriya şəraitində sintez etdik. Laboratoriya sınaqları onların həqiqətən də hazırda sənayedə tətbiq olunan molekullardan daha effektiv olduğunu təsdiqlədi. Bir tərəfdən, biz CO₂-ni xeyli daha səmərəli tutan birləşmələrin bariz nümunəsini görürük. Digər tərəfdən isə müxtəlif istiqamətlərdə prinsipial olaraq yeni kimya yaratmaq imkanına malik bir mexanizm əldə etmişik. Məsələn, bu, korroziya inhibitorları, sürtkü materialları üçün qatqılar və sənayedə tələbat olan digər kimyəvi sahələr ola bilər.

Əslində, sahə-sahə irəliləmək mümkündür: mövcud olan bütün məlumat bazası üzərində modeli öyrətmək, yeni molekullar yaratmaq, proqnozlara görə mövcud analoqlardan üstün olmalı olanları seçmək, onları sintez etmək, laboratoriyada sınaqdan keçirmək və daha sonra istehsala çıxarmaq. Məhz bu cür bir "mühərrik" "Caspian AI Institute"da yaradılıb. İndi o, enerji şirkətlərini dəstəkləyərək sistemli şəkildə – bir kimyəvi sahədən digərinə doğru – irəliləyə bilər. Müəyyən mənada bizim ambisiyamız "Chemistry 2.0 for Energy Companies" yaratmaqdır: enerji sektoru üçün vacib olan bir neçə kimyəvi istiqamətdə eyni anda keyfiyyətcə sıçrayış”, – deyə o bildirib.

Aristov qeyd edib ki, məhsul tamamilə yenidir və hazırda xüsusi modelləşdirmə alətləri vasitəsilə sınaqdan keçirilir.

“Əgər bu sınaqlar müsbət nəticə versə, növbəti mərhələyə – mühəndislərin cəlb olunmasına və onların bu yeniliyi real istehsal şəraitində sınaqdan keçirməyə hazır olub-olmadıqlarının qiymətləndirilməsinə keçəcəyik. Adətən yeni bir kimyəvi birləşmənin yaradılması təxminən on il çəkir, lakin biz bunu təxminən üç aya nail olmuşuq. Növbəti çağırış laboratoriya eksperimental işləridir. Məhz buna görə biz bu prosesləri avtomatlaşdırmağa və 24/7 rejimində işləyən, molekulları sintez edən və uğur və ya uğursuzluq barədə real vaxt rejimində geribildirim verən tam robotlaşdırılmış laboratoriya yaratmağa çalışırıq. Biz əminik ki, süni intellektin generativ imkanlarının robotlaşdırılmış avtomatlaşdırma ilə birləşdirilməsi yeni materialların hazırlanmasını köklü şəkildə sürətləndirəcək”, – deyə o əlavə edib.

Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi

“Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək üçün əsas prioritetimiz qlobal süni intellekt ekosistemi ilə dayanıqlı əlaqələrin qurulmasıdır. Biz "Silikon Vadisi"ndən olan investorlarla işləyirik və layihənin müstəqil şəkildə, geniş miqyasda inkişaf edə bilməsi və nəticə etibarilə digər enerji şirkətlərinə də xidmət göstərməsi üçün vençur kapitalını cəlb etməyə çalışırıq. İlk pilot layihəmiz təsdiqləndikdən sonra, Azərbaycanda yaradılmış – burada hazırlanmış və Azərbaycan enerji sektorunun vəzifələri üzərində sınaqdan keçirilmiş – bilikləri dünyaya ixrac edə biləcəyik”, – deyə o bildirib.

Aristov hesab edir ki, bu proses əks istiqamətdə də işləyə bilər.

“Bu gün beynəlxalq mütəxəssislər üçün ABŞ-da iş icazəsi almaq getdikcə çətinləşir. Belə şəraitdə biz süni intellekt üzrə ekspertlər üçün yerli imkanlar yarada, Azərbaycanın ən cəlbedici regionlarından birində innovasiya mərkəzi formalaşdıra və dünyanın hər yerindən istedadları buradan işləməyə dəvət edə bilərik. Bu, Bakı ilə süni intellektin inkişafında dünyanın ən böyük mərkəzlərindən biri arasında real iki tərəfli bir dəhlizə çevrilə bilər. Bunun üçün "Silikon Vadisi" icmasında tanınmağa nail olmalıyıq: orada bir neçə startap yaratmaq, ictimai mövqelənməni formalaşdırmaq və Azərbaycanın perspektivli innovasiyaların mənbəyi kimi statusunu möhkəmləndirmək. Başqa sözlə, Bakı ilə "Silikon Vadisi" arasında real bir körpü qurmaq”, – deyə o bildirib.

Aristov vurğulayıb ki, bu gün Azərbaycan süni intellekt sahəsində dünya liderləri ilə eyni sırada dayanır və ADIPEC Tech texnologiya konfransında öz inkişaflarını qürurla təqdim edir.

BCG-nin tərəfdaşı və direktoru Konstantin Polunin isə qeyd edib ki, Avropada innovasiyalar sahəsində dəyişikliklərin sürəti yetərli deyil, halbuki Azərbaycan və Mərkəzi Asiya ölkələri bu istiqamətdə daha sürətlə inkişaf edir.

“Avropa daha sürətlə hərəkət edən və maraqlı həllər təklif edənlərdən çox şey öyrənə bilərdi. Mən hesab edirəm ki, Azərbaycanın uğur qazanmaq üçün bütün imkanları var – sadəcə ona görə ki, o, daha sürətli və çevik davranır, dövlət isə bütün bu prosesi əhəmiyyətli dərəcədə dəstəkləmək gücünə malikdir. İdeyalardan biri qabaqcıl təcrübə və innovasiya mərkəzlərinin – istedadları, kapitalı, miqyası və texnoloji tətbiq imkanlarını cəlb edən habların yaradılması ola bilər. Düşünürəm ki, SOCAR-ın "Caspian AI Institute"u belə bir mərkəzin prototipi rolunu oynaya bilər”, – deyə o bildirib.

Aristov isə vurğulayıb ki, xüsusi iqtisadi zonalar və “yaşıl” zona innovativ məkanlar, ilk belə hab üçün ən uyğun namizədlərdir. “Əgər biz data-sayentistlərə və data-mühəndislərinə müəyyən imtiyazlarla Azərbaycanda işləmək imkanı yaratsaq, bu, xüsusilə qlobal habla körpü qurulduğu halda, ciddi müsbət effekt verə bilər”.

Süni intellektin köməyi ilə neft emalı və kimya sənayesində dekarbonizasiyanın sürətləndirilməsi

Aristov qeyd edib ki, SOCAR son iki il ərzində ciddi irəliləyiş əldə edib – təkcə emissiyaların azaldılması üzrə aydın hədəflər müəyyən etməyib, həm də bu emissiyaların konkret olaraq haradan qaynaqlandığını dərindən anlamağa başlayıb.

“Mən əminəm ki, təsir göstərə biləcəyimiz daha bir vacib istiqamət istifadə olunan kimyadır. Məqsədimiz bu kimyəvi materialların istehsalına sərf olunan enerji xərclərini azaltmaq, onları daha az karbon tutumlu və daha səmərəli etməkdir. Bu transformasiyanı Azərbaycanda başlatmaq və sonra onu ölkə hüdudlarından xeyli kənara miqyaslandırmaq mümkündür”, – deyə o bildirib.

Eksperimental süni intellektdən praktik tətbiqə keçid

Polunin qeyd edib ki, eksperimentlərdən sənayedə tətbiq oluna bilən, kommersiya baxımından həyat qabiliyyətli həllərə qədər olan yol adətən illər çəkir.

“Mən hesab edirəm ki, ilkin mərhələnin radikal şəkildə sürətləndirilməsi sayəsində təkcə kimya sahəsində kommersiya baxımından uğurlu məhsullar əldə etmək deyil, həm də bu kimyəvi həllərin və texnoloji imkanların ixracına çıxmaq mümkündür. Azərbaycan öz tətbiqi həllərini sıfırdan yaratmadan, lazımi səriştələrə malik olan və praqmatik texniki həllər hazırlamağa hazır sənaye tərəfdaşları ilə dünya üzrə əməkdaşlıq edə bilər. Yeni kimyanın miqyaslandırılması yüksək texniki ekspertiza tələb edən uzunmüddətli prosesdir. Əgər düzgün tərəfdaşlar cəlb olunsa, uyğun şəbəkə qurulsa, doğru lisenziyalaşdırma modeli seçilsə və ilk məhsul bazara çıxarılsa, bu, Azərbaycanın irəliyə doğru hərəkəti, digər imkanları və digər molekulları sınaqdan keçirməsi üçün impuls yaradacaq.

Bizim artıq yanaşmanın həyat qabiliyyətini sübut edən bir molekulumuz var. Bəli, onun texnoloji tətbiq səviyyəsinə qədər miqyaslandırılması üçün uzun yol var, lakin bu, tərəfdaşlar məsələsidir və bu texnologiyanın sınağı üçün öz imkanlarının açılması ilə bağlıdır. Bundan sonra dünya bazarı üçün kommersiya cəhətdən cəlbedici ixrac məhsulu yaratmaq mümkün olacaq. Bu yol, Azərbaycanın miqyaslandırmanı təkbaşına həyata keçirməyə çalışmasından xeyli daha sürətli ola bilər”, – deyə o bildirib.

Seysmik işlərin icrası üçün tələb olunan vaxtın azaldılması

Aristov bildirib ki, layihələrdən biri seysmik işlərin aparılması üçün tələb olunan vaxtın kəskin şəkildə azaldılmasına yönəlib.

“Biz mürəkkəb peşəkar proqram təminatı ilə işləyən yerin təkindən istifadə üzrə mühəndislərin üzərindəki rutin yükü azaldırıq. Süni intellekt agenti bu proqram təminatının interfeysi üzərində birbaşa fəaliyyət göstərir – məlumatları daxil edir, düymələri sıxır, səhvləri aşkar edir, qərarlar qəbul edir və insan-ekspertin keçdiyi eyni iş marşrutlarını izləyir, lakin bunu fasiləsiz və yüksək sürətlə edir. Bu cür yeni yanaşma sayəsində biz peşəkar proqram təminatının özünü əvəz etmirik, onunla işləmək üçün insanın yerinə yetirməli olduğu təkrarlanan əməliyyat tapşırıqlarını aradan qaldırırıq”, – deyə o izah edib.

Aristov vurğulayıb ki, bu, mütəxəssislərə işlərinin intellektual baxımdan daha mürəkkəb tərəflərinə fokuslanmaq üçün böyük imkanlar açır.

“Belə bir sistem həm də ekspertlərin öz biliklərini süni intellektə ötürməsinə imkan verir. Təcrübəli mütəxəssis təqaüdə çıxmağa hazırlaşanda sual yaranır: onilliklər ərzində toplanmış təcrübəni necə qorumaq olar? Yaxşı öyrədilmiş süni intellekt agenti faktiki olaraq bu ekspertizanı "miras ala" və bütün biliklər toplusunu tətbiq edərək işi davam etdirə bilər. Təlimdən sonra isə onu çoxsaylı iş stansiyalarında çoxaltmaq mümkündür”.

Aristov qeyd edib ki, bu layihənin ilk prototipi artıq hazırdır. “Növbəti addımımız onu genişləndirmək və seysmik məlumatların emalı prosesinin müxtəlif mərhələlərini sürətləndirən süni intellekt agentləri üçün "marketplace" yaratmaqdır. Bu, dünya üzrə mütəxəssislərə iş proseslərinin hər konkret mərhələsi üçün məhz lazım olan agenti yükləməyə imkan verəcək”, – deyə o bildirib.

Methane.AI

Aristov qeyd edib ki, BCG və SOCAR-ın birgə layihəsi olan Methane.AI məlumatları toplayan, təhlil edən, metan emissiyalarının mənbələrini və həcmlərini müəyyənləşdirən, həmçinin azaldılma trayektoriyasını proqnozlaşdıran platformadır.

“Methane.AI-nin əsas xüsusiyyəti ondan ibarətdir ki, platforma rəqəmsallaşma səviyyəsi aşağı olan şirkətlər üçün yaradılıb. O, sahədə seçmə ölçmələr aparmağa və sonra əldə olunan nəticələri infrastrukturun qalan hissəsinə ekstrapolyasiya etməyə imkan verir. Platforma post-sovet ölkələrinin reallıqlarına ideal şəkildə uyğunlaşdırılıb, çünki bu ölkələrdə aktivlərin böyük hissəsi hələ də rəqəmsallaşdırılmayıb. Biz "Caspian Methane Accelerator"u yaratmışıq – mahiyyət etibarilə bir neçə şirkəti birləşdirən platforma. SOCAR, “KazMunayQaz” və “Uzbekneftegaz” artıq iştiraklarını təsdiqləyiblər və biz digər şirkətlərin də qoşulacağını gözləyirik. Məqsəd metan emissiyalarının azaldılması üzərində birgə işləməkdir, çünki Methane.AI platforması bunun üçün uyğun struktur və alətlər təqdim edir.

Accelerator vasitəsilə biz ümumi standartlar formalaşdırırıq – metan sızmasının harada və hansı həcmdə baş verdiyini anlayırıq, sonra isə hansı ölçmə növlərinin lazım olduğunu və infrastrukturun ayrı-ayrı elementlərinin dəyişdirilməsi üçün hansı investisiyaların tələb olunduğunu birgə müəyyən edirik. İnvestorlar bu cür koordinasiyalı səylərə getdikcə daha çox maraq göstərirlər. Xəzər regionunun şirkətləri üçün bu Accelerator metan emissiyalarının azaldılması xərclərini birgə şəkildə aşağı salmağa imkan verən güclü mexanizmə çevrilə bilər”, – deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti