Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanda informasiya texnologiyalarının inkişafına meyl müşahidə olunur. Bunu Bakıya birgünlük səfərlə gəlmiş "Microsoft" korporasiyasının baş vitse-prezidenti və texniki direktoru Kreyq Mandi cümə axşamı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, belə deməyə çoxsaylı layihə və proqramların mövcudluğu əsas verir. Mandinin fikrincə, bunlar kifayət qədər sürətli templərlə reallaşdırılır. Konkret olaraq bu, İT-nin inkişafı üzrə dövlət proqramı, "Xalq kompüteri" layihəsi, regional innovasiya zonasının yaradılmasıdır. "Azərbaycanda elektron hökumətin yaradılması təşəbbüsü yüksək qiymətə layiqdir" - deyə Mandi əlavə edib.
"Microsoft"un nümayəndəsi qeyd edib ki, Azərbaycan informasiya texnologiyalarının inkişafı üçün bütün resurs və şərtlərə malikdir.
Mandi bilavasitə şirkətin rəhbəri Bill Geytsə tabedir. Konkret olaraq "Microsoft"un texnologiya, biznes və siyasət sahəsindəki böyük strateji layihələri onun iştirakı ilə hazırlanır. Mandinin səlahiyyətlərinə korporasiya daxilində bu planların koordinasiyası daxildir. Mandi "Microsoft"da 1992-ci ildən çalışır.