Bakı. Trend:
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində 79 nəfərin həyatını itirdiyi “Grand Kartal” otelinin sökülməsinə qərar verilib.
Trend “Habertürk” telekanalına istinadən xəbər verir ki, bu qərar Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan ekspertiza nəticələrinə əsasən qəbul olunub.
1978-ci ildə tikilmiş 12 mərtəbəli otelin əsas konstruksiyalarına ciddi ziyan dəydiyi müəyyən edilib. Ekspertiza binanın gələcəkdə istifadəsinin təhlükəli olduğunu sübut edib.
Yanğın yanvarın 21-nə keçən gecə oteldə baş verib. Hadisə zamanı binada ümumilikdə 238 qonaq olub. Təəssüf ki, 79 nəfər həyatını itirib. Yanğından sonra Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
xxx
21:35
Türkiyənin Bolu Respublika Baş Prokurorluğu Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğın nəticəsində həyatını itirənlərin sayının DNT testləri ilə 79-a çatdığını açıqlayıb.
Trend xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunc faciə ilə bağlı 11 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında Bolu Bələdiyyəsinin yanğınsöndürmə xidməti və idarəsinin rəhbərləri də var.
İstintaq çərçivəsində altı respublika prokuroru ilə yanaşı, bir sıra aidiyyəti qurumların mütəxəssisləri də prosesə cəlb olunub.
Türkiyənin Səhiyyə Nazirliyi hadisə zamanı yaralananlardan 39 nəfərin müalicə olunaraq evə buraxıldığını, 12 nəfərin isə hələ də müalicə aldığını açıqlayıb.
Yanğın yanvarın 21-nə keçən gecə oteldə baş verib. Hadisə zamanı binada ümumilikdə 238 qonaq olub. Təəssüf ki, 79 nəfər həyatını itirib. Yanğından sonra Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.