Bakı. Trend:
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında əsasən müdafiə xərclərinin artırılması məsələsi gündəmə gəlib.
Trend xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio toplantıda Alyansdakı müttəfiqlərin müdafiəyə daha çox büdcə ayırmasının vacibliyini vurğulayıb. O, ABŞ Prezidenti Donald Trampın NATO üzv ölkələrinin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaqla bağlı hədəfini gündəmə gətirib.
Rubio, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla son proseslər fonunda, NATO-nun təcili şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib və ABŞ Prezidentinin Alyansın müdafiə gücünə sadiqliyini vurğulayıb.
NATO-nun Baş katibi Mark Rutte isə üzv ölkələrə müdafiə xərclərinin ÜDM-in 3 faizindən yuxarıya çatdırılması barədə çağırış edib. Bu məsələ ilə bağlı qərarın NATO-nun iyun ayında keçiriləcək iclasında qəbul olunması gözlənilir.
Hazırda bir sıra NATO üzv ölkələri müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırıb. Lakin Almaniya da daxil olmaqla bir çox ölkə, Donald Trampın 5 faizlik hədəfini reallığa uyğun saymır. ABŞ-nin gömrük rüsumlarının artırılmasının qlobal iqtisadiyyata və müttəfiqlərə mənfi təsir edəcəyinə dair narahatlıqlar, bu hədəfə nail olunmasında ciddi çətinliklər yarada bilər.