Bakı. Trend:
Çili dövlət mədən şirkəti Enami Antofaqasta bölgəsində apardığı son tədqiqatlara əsaslanaraq ölkənin ümumi litium ehtiyatlarının əvvəlki qiymətləndirmələrdən 28% çox olduğunu açıqlayıb.
Trend xəbər verir ki, yeni analiz nəticəsində məlum olub ki, La Isla duz gölündə əvvəlki hesablamalardan 150% çox – 2,13 milyon ton litium ehtiyatı var. Aguilar duz gölündə isə 1 milyon tondan bir qədər az litium aşkar edilib ki, bu da əvvəlki göstəricidən 40% çoxdur.
Bu iki yataq Çilinin ümumi litium ehtiyatına 3,05 milyon ton əlavə edir. Qeyd edək ki, ABŞ Geoloji Xidməti daha əvvəl ölkənin ümumi ehtiyatlarını 11 milyon ton olaraq qiymətləndirmişdi.
Çili hal-hazırda litium ehtiyatlarına görə dünyada Boliviya və Argentinadan sonra üçüncü yerdədir. İstehsal baxımından isə ölkə ikinci sırada qərarlaşır. Atakama duz düzündəki ehtiyatlardan dövlətə məxsus SQM və ABŞ-ın Albemarle şirkətləri litium hasilatını həyata keçirirlər.