Bakı. Trend:
Çinin Baş naziri Li Tsyan süni intellekt (AI) sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə qlobal təşkilat yaradılması təşəbbüsü ilə çıxış edib.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu bəyanat Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında səsləndirilib.
Agentliyin məlumatında bildirilir ki, Li Tsyanın təklifi Çin hökumətinin süni intellekt texnologiyalarını tənzimləmək üzrə qlobal səyləri koordinasiya etməyə və öz təcrübəsini, xüsusən də Qlobal Cənub ölkələri ilə bölüşməyə hazır olduğunu nümayiş etdirir. Bu isə Pekinin süni intellekt sahəsində ABŞ-a alternativ güc kimi çıxış etmək niyyətini ortaya qoyur.
Li Tsyan konkret olaraq Vaşinqtonu qeyd etməsə də, bəzi ölkə və şirkətlərin süni intellekti “eksklüziv oyuna” çevirməyə çalışdıqlarını tənqid edib.
“Bütövlükdə qlobal AI idarəçiliyi hələ də parçalanmış vəziyyətdədir. Ölkələr arasında, xüsusən də tənzimləmə konsepsiyaları və institusional qaydalar sahəsində ciddi fərqlər mövcuddur”, - Li Tsyan bildirib.
Çin rəsmisi süni intellektin inkişafında inklüziv və şəffaf beynəlxalq mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.