Bakı. Trend:
Almaniyanın Federal Konstitusiya Məhkəməsi hüquq-mühafizə orqanlarının “WhatsApp” və digər messencerlərdə yazışmaları izləməyə imkan verən dövlət troyanlarından istifadəsini qismən konstitusiyaya zidd hesab edib.
Trend-in xarici mətbuata istinadla verdiyi xəbərə görə, məhkəmə qərarına əsasən, bu tip proqramlardan yalnız xüsusilə ağır cinayətlərin araşdırılması zamanı istifadə edilə bilər. Maksimal üç ilədək həbs cəzası nəzərdə tutan cinayətlərlə bağlı belə izləməyə icazə verilməyəcək.
Məhkəmə həmçinin müstəntiqlərin şübhəlilərin kompüter və smartfonlarını gizli şəkildə izləmək səlahiyyətlərini də qismən qanunsuz sayıb. Bu qərar hüquq müdafiəçilərinin şikayətləri əsasında qəbul olunub.
“Dövlət troyanı” adlanan bu proqramlar cihaz sahibinin xəbəri olmadan quraşdırılır və şifrələnmiş mesajların oxunmasına, eləcə də cihazdakı bütün məlumatların axtarışına imkan verir. 2017-ci ildən polis bu üsulu “WhatsApp” və “Telegram” kimi messencerlərdəki yazışmaları izləmək üçün istifadə edə bilirdi.
Statistikaya görə, 2023-cü ildə məxfi onlayn izləmə üçün 104 məhkəmə qərarı çıxarılıb, onlardan 62-si icra olunub. Əksər hallarda bu tədbirlər cinayətkar təşkilat yaratmaq ittihamı ilə bağlı olub.