...

Azay Quliyevdən irad: Münaqişənin adını doğru ifadə edin

Nəzər nöqtəsi Materials 6 Dekabr 2018 15:46 (UTC +04:00)
Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib.
Azay Quliyevdən irad: Münaqişənin adını doğru ifadə edin

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev Milanda Assambleyanın Büro iclasında ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, təşkilatın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib.

Trend-in məlumatına görə, A.Quliyev eyni zamanda Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

A.Quliyev deyib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir:

“İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir.”

ATƏT PA-nın prezidenti Corc Sereteli, vitse-prezident Lord Piter Bouness və baş katib Roberto Montello A.Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər.

Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti