...

Bəhruz Quliyev: KİV-in yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişafına xidmət edəcək

Nəzər nöqtəsi Materials 12 Fevral 2019 19:28 (UTC +04:00)
Kütləvi informasiya vasitələrinin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək.
Bəhruz Quliyev: KİV-in yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişafına xidmət edəcək

Bakı. Samir Əli - Trend:

Kütləvi informasiya vasitələrinin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək. Bunu Trend-ə açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasıında mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, stimullaşdırılması məqsədilə növbəti addımın atılmasına zərurət yarandığı bildirildi:

"Bu gün elektron media ilə çap mediası arasında sağlam mübarizə gedir. Dünyada KİV sahəsində baş verən proseslər də onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır və rəqabətdə elektron media qalib gəlir. Sözsüz ki, qəzetlərin dövriliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var. Bildiyiniz kimi, 2008-ci ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib. Bu gün yazılı mətbuat orqanları arasında da rəqabət var. KİVDF tərəfindən qoyulan şərtlərdən biri də budur ki, qəzetin 2 min abunəsi və minimal 5 min tirajı olsun".

Ekspert qeyd edib ki, bu, artıq rəqabətin ilkin şərtlərini formalaşdıran elementdir. Ona görə də bəzi mətbuat orqanları buna tab gətirə bilmir və sonda söz-söhbətlərin yaranmasına rəvac verir:

"Birincisi, bu şərtlər rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək. İkincisi isə obyektiv olaraq Mətbuat Şurasının keçirdiyi iclasda KİVDF-nin Nizamnaməsində dəyişikliklər edilməsi ilə bağlı müsbət təkliflər verilib. Artıq elektron qəzetçiliyə də yardım edilməsi, maliyyələşməsi ilə bağlı fikirlər səslənməkdədir. Onu deyə bilərəm ki, bugünkü dövr üçün dünya telefonun ekranına cəmləndiyi kimi, artıq hər kəs qəzetləri, baş verən hadisələri elektron resurslar üzərindən oxuyur. Müasir dünyanın çağırışları, innovasiyanın verdiyi töhfələr, diktə etdiyi şərtlər onu deməyə əsas verir ki, artıq KİVDF də öz Nizamnaməsində dəyişikliklər etməli və hesab edirəm ki, bu dəyişikliklər müasir dövrün çağırışlarına cavab verməlidir. Bu, qloballaşmanın diktə etdiyi şərtlərdir və Azərbaycanda da bu proseslər getməlidir. Bu addım həm Fondun imkanlarını daha da genişləndirəcək, həm də Azərbaycan mətbuatının inkişafını stimullaşdıracaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti