Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir C.Babayeva/ Cənubi Osetiyada hərbi əməliyyatlar nəticəsində qaçqın düşmüş Gürcüstan azərbaycanlıları rəsmən qeydiyyata düşməyiblər.
"Qori rayonunun Tedotsminda kəndində yaşayan 30- dan çox azərbaycanlı ailəsi kəndi tərk etsə də, qaçqın düşərgələrində qeydiyyatdan keçməyiblər" - cümə axşamı Trend -a Tbilisidən telefonla Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev məlumat verib.
Trend -un arayışı: Gürcüstan avqustun 8- də ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiyada hərbi əməliyyatlara başlayıb. Bundan sonra Rusiya bu ölkənin ərazisinə zərbərələr endirib. Rusiyanın hücumu nəticəsində Gürcüstan böyük itkilərlə üzləşib, ölkənin bir necə rayon və şəhəri dağıdılıb, infrastrukturlara ciddi ziyan dəyib.
Rusiya hərbi hava qüvvələrinin Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Marneuli və Bolnisi şəhərlərini intensiv atəşə tutub. Bombalar Marneulinin hərbi aerodromuna atılıb.
Beynəlxalq təşkilatların və aparıcı dövlətlərin vasitəçiliyi ilə avqustun 12-də Rusiya və Gürcüstan arasında atəşkəs sazişi imzalanıb.
Babayevin bildirdiyinə görə, həmin kəndi tərk edən azərbaycanlılar arasında, əsasən, uşaqlar və qadınlar var. "Kənddə qalan yaşlılarla və ailə başçıları ilə əlaqə saxlamaq mümkün olmayıb. Konqres üzvləri həmin kəndə baş çəkmək istəsələr də, buna icazə verilməyib", - deyə o bildirib.
Onun sözlərinə görə, Gürcüstanı tərk edən azərbaycanlılar yayda qohumlarının yanına dincəlməyə gələnlərdir. "Gürcüstanı tərk edənlər arasında bu ölkədə yaşayan azərbaycanlılar azlıq təşkil edir", -deyə o bildirib.
Qaçqın düşərgələrinin, əsasən, Kutaisi, Batumi, Tbilisi və Marneulidə salındığını bildirən Babayev Borçalıda 700- dən çox qaçqının məskunlaşdığını vurğulayıb.
Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov Trend -a Cənubi Osetiya münaqişəsi zamanı azərbaycanlıların sıx yaşadığı ərazilərdə böyük dağıntıların olmadığını bildirib. "Qori rayonu ətrafında azərbaycanlıların yaşadıqları qəsəbələr heç bir zədə almayıb. Yalnız Marneuli hərbi aerodromunun bombalanması zamanı ətrafdakı evlər xəsarət almışdı",- deyə Əsgərov bildirib.
Əsgərov Qori ətrafındakı evlərindən didərgin düşmüş azərbaycanlıların geri qayıtdıqlarını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]