HƏMAS-ın Qərb ölkələri ilə ələqələr üzrə məsul şəxsi Əhməd Yusif Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "Əl-Hayat" qəzetinə müsahibəsində bəyan edib ki, ABŞ-ın yeni seçilən prezidenti Barak Obamanın təmsilçiləri HƏMAS nümayəndələri ilə görüşüblər. Bu barədə xəbəri "Maariv" qəzeti verib. Onun sözlərinə görə, ABŞ-da seçkilər keçirildiyi ərəfədə belə görüşlərdən biri Qəzzada təşkil olunub.
Əhməd Yusif bu görüşün dəqiq nə vaxt keçirildiyi və Obamanın təmsilçilərinin kimlə danışıqlar aparması barədə məlumat verməyib. Amma deyib ki, hazırda da HƏMAS Obama təmsilçilərilə əlaqə saxlayır. Bununla yanaşı, o bildirib ki, bu məlumat ABŞ-da prezident seçkiləri yekunlaşanadək, demokratların namizədinə xələl gətirməmək üçün qəsdən gizlədilib.
Barak Obamanın təmsilçiləri bu bəyanata şərh vermirlər. Obamanın özü isə əvvəllər dəfələrlə bildirib ki, HƏMAS-ın tanınması yalnız bir sıra şərtlər yerinə yetiriləcəyi təqdirdə - siyasi mübarizə vasitəsi kimi terrordan tam imtina olunarsa, İsrail dövlətinin mövcudluq hüququ tanınarsa və FƏTH-lə milli barışıq barədə razılaşma əldə olunarsa və s. mümkündür.
Eyni zamanda Obama, ətrafındakı şəxslərin bu Fələstin təşkilatı ilə hər hansı əlaqələrinin olduğunu qəti şəkildə təkzib edib. Əgər Amerikanın yeni seçilmiş prezidentinin HƏMAS-la əlaqələri barədə məlumat təsdiqlənərsə, bu, ABŞ-İsrail münasibətlərinə mənfi təsir göstərə bilər.
HƏMAS rəhbərliyi Ağ Evin yeni rəhbəri ilə danışıqlara böyük ümid bəsləyir və onu açıq şəkildə dialoqa çağırırlar. Amma Əhməd Yusifin bəyanatı, çətin ki, ABŞ-ın yeni administrasiyası ilə HƏMAS arasında münasibətləri yoluna qoysun.
Bu gün Barak Obamanın diplomatlar vasitəsilə Suriya prezidenti Bəşər Əəsədə müraciət göndərməsi barədə məlumat yayılıb. ABŞ-ın yeni seçilmiş prezidenti Suriyanın diplomatik təcridinə son qoymağı və onu beynəlxalq aləmə qaytarmağı vəd edib. Bir neçə gün əvvəl Obamanın köməkçiləri müraciəti Suriyanın Vaşinqtondakı səfiri İmad Mustafaya təqdim ediblər, amma indiyədək bu məlumat sirr olaraq saxlanılıb. Obama Suriya ilə İsrail arasındakı Colan yüksəkliyinin gələcəyilə bağlı danışıqlarda ən fəal rolu oynamaq niyyətindədir. O da bildirilir ki, Obama Yaxın Şərq üzrə müşaviri Robert Mellini Suriya və Misirə göndərib. ABŞ Suriya və Misiri Yaxın Şərq bölgəsinin mühüm dövlətləri hesab etdiyindən, yeni prezident onlarla münasibətlərinə mühüm əhəmiyyət verir.