İsrail, Qüds, 10 dekabr / Trend müxb. A.Qut/ Dünən İsrail prezidenti Şimon Peres İranın nüvə proqramı probleminin güc vasitəsi ilə həll edilməsinin aktuallığını itirdiyini bəyan edib. Peres bildirib ki, iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi, şübhəsiz ki, İranın nüvə proqramının inkişafını ləngidəcək. Bu barədə Ynet agentliyi xəbər verir. İsrail prezidenti bəyanatını ölkənin şimalında yerləşən və əsasən ərəblərin yaşadığı Saxnin şəhərində verib.
Şimon Peresin səfəri Qurban bayramı ilə əlaqədar olub. Çıxışı zamanı o qeyd edib ki, Qurban bayramı bəzi İsrail vətəndaşlarının bayramıdır, deməli, bu həm də bütün dövlətin bayramıdır. Peres İsrail və bütün dünya müsəlmanlarına xoşbəxtlik diləyib: "Müsəlmanlar bizim düşmənlərimiz deyillər, biz də onlara düşmən deyilik".