...

Ankara yeni dost axtarmaqdansa, köhnə dostlara sahib çıxsın - Türkiyənin Səadət Partiyasının lideri

Dünya xəbərləri Materials 15 Sentyabr 2009 17:27 (UTC +04:00)
Türkiyənin Səadət Partiyasının lideri Numan Kurtulmuş ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüşdən sonra Ankaranın təzə dost axtarmaqdansa, köhnə dostlara sahib çıxmasının daha yaxşı olduğunu bildirib.
Ankara yeni dost axtarmaqdansa, köhnə dostlara sahib çıxsın - Türkiyənin Səadət Partiyasının lideri

Türkiyənin Səadət Partiyasının lideri Numan Kurtulmuş ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüşdən sonra Ankaranın təzə dost axtarmaqdansa, köhnə dostlara sahib çıxmasının daha yaxşı olduğunu bildirib. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Ankara yeni dost axtarmaqdansa, köhnə dostlara sahib çıxsın", - deyə Kurtulmuş bildirib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyənin xarici işlər naziri Davudoğlu Ankara və Yerevan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun müzakirəsi üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş istəyib. Davudoğlunun Ankara-Yerevan protokolunu müzakirə etmək üçün ölkədəki siyasi partiya liderləri ilə görüşəcəyi bildirilir.

Türkiyə müxalifətinin lideri Dəniz Baykal Türkiyə ilə Ermənistan arasında avqust ayında imzalanan protokola Dağlıq Qarabağ məsələsinin daxil olunmasını tələb edib.

Digər müxalif Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli isə Davudoğlu ilə görüşü rədd edib.

Numan Kurtulmuş onu da qeyd edib ki, Dağlıq Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan əlaqələrinin inkişafı Ankaranın Qafqaz siyasətini iflasa uğradacaq.

"İsveçrənin vasitəçiliyi ilə əldə olunan protokolun əleyhinəyik. Dövlət olaraq İsveçrə bu məsələdə qərəzli mövqe tutur" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti