...

Ankara - Yeravan protokolu Sarkisyanın Türkiyə səfərindən əvvəl imzalanacaq - XİN rəhbəri

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 15:05 (UTC +04:00)
Türkiyənin xarici işlər naizri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Türkiyə və Ermənistan arasında protokolun Sarkisyanın Türkiyə səfərindən öncə imzalanacağını bildirib.
Ankara - Yeravan protokolu Sarkisyanın Türkiyə səfərindən əvvəl imzalanacaq - XİN rəhbəri

Trend-i buradan izləyin

Türkiyənin xarici işlər naizri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Türkiyə və Ermənistan arasında protokolun Sarkisyanın Türkiyə səfərindən öncə imzalanacağını bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Türkiyə-Ermənistan protokolu Sarkisyanın Türkiyə səfərindən əvvəl imzalanacaq", - deyə Davudoğlu bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trend -a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

XİN rəhbəri onu da qeyd edib ki, Ermənistan Prezidenti Türkiyədə keçirilən futbol matçına gəlsə də, gəlməsə də iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

"Türkiyə Prezidenti Yerevana səfəri zamanı heç bir ön şərt irəli sürməmişdi. Sarkisyan Türkiyəyə gəlsə də, gəlməsə də iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində işlər davam etdiriləcək", - deyə o qeyd edib.

Davudoğlu onu da bildirib ki, protokolun imzalanması ilə Parlamentdə təsdiq edilməsi arasında fəqr var və protokolun imzalanmasından sonra sənədin Parlamentdə müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti