Türkiyənin sabiq Baş naziri, indi isə parlament deputatı olan Məsud Yılmaz deyib ki, Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması Türkiyə üçün mənfi haldır. Məlumatı TRT 3 telekanalı yayıb.
"Protokolların imzalanması Türkiyənin dövlət prinsiplərinə ziyandır", - Yılmaz deyib.
Çərşənbə günü Türkiyə Parlamentində Türkiyə-Ermənistan protokollarının müzakirəsi başlanıb.
Müxalifət partiyalarından olan deputatlar Ankara və Yerevan protokollarının imzalanmasını kəskin tənqid ediblər və hakim partiyadan olan deputatların çıxışı zamanı parlament zalını tərk ediblər.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu bu protokolları imzalayıblar.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.