İranda uranın zənginləşdirilməsi məqsədilə tikiləcək 10 zavodun yeri müəyyənləşib və ilin sonunadək bu zavodlardan birinin tikintisinə başlanacaq. Bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli ƏKbər Salehi deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı İribnews məlumat yayıb.
İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, İran Prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə Nazirlər Kabinetinin ötən il noyabrın 29-da keçirilən iclasında Əhmədinejad ölkənin Atom Enerjisi Təşkilatından tələb edib ki, 2 ay ərzində öncədən tikilməsi üçün yer ayrılmış 5 yeni uranzənginləşdirmə mərkəzinin tikintisinə başlanılsın və 5 yeni zavodun tikilməsi üçün münasib yerlər müəyyən edilsin. İclasdan sonra İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi yeni zavodların dağların içində tikiləcəyini bildirib.