...

İranda zorxana və pəhləvanlıq mədəniyyəti günü qeyd olunacaq

Dünya xəbərləri Materials 26 Noyabr 2010 14:26 (UTC +04:00)
İranın mədəniyyət və islam maarifləndirilməsi (irşad) naziri Məhəmməd Hüseyni bildirib ki, bundan sonra hicri-qəməri təqvimi ilə şəvval ayının 17-si İranda zorxana və pəhləvanlıq mədəniyyəti günü kimi qeyd olunacaq.
İranda zorxana və pəhləvanlıq mədəniyyəti günü qeyd olunacaq

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın mədəniyyət və islam maarifləndirilməsi (irşad) naziri Məhəmməd Hüseyni bildirib ki, bundan sonra hicri-qəməri təqvimi ilə şəvval ayının 17-si İranda zorxana və pəhləvanlıq mədəniyyəti günü kimi qeyd olunacaq. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

Hicri-qəməri ili miladi və hicri-şəmsi ili ilə müqayisədə hər il 10 gün geri çəkilir. Şəvval ayının 17-si gələn il sentyabrın 15-nə (İranda 24 şəhrivər 1390) düşür.

Hüseyni əlavə edib ki, hicri-qəməri ilinin şəvval ayının 17-si İslam tarixinin əvvəlində Əhzab (və ya Xəndək adlanan) döyüşündə həzrət peyğəmbərin əmisi oğlu Əli ibn Əbutalibin ərəblərin ən güclü pəhləvanı Əmr ibn Əbdəvədlə mübarizəsi və ona qələbə çalması günüdür.

Əhzab döyüşü müxtəlif düşmənlərin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı məhv etmək istədikləri döyüşdür. Bəzi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildiriblər. İslam ordusu isə cəmi üç min nəfər olub. Həzrət Əli bu gündə Əbdəvədlə döyüşüb, ona qalib gəlib.

Hüseyni deyib ki, gələn ildən şəvval ayının 17-si İran təqvimində zorxana və pəhləvanlıq mədəniyyəti günü kimi göstəriləcək və bu gündə zorxana güləşi ilə bağlı tədbirlər keçiriləcək.

Döyüş sənəti olan pəhləvan və zorxana mərasimləri islam, qnostisizm və qədim fars inanclarını özündə ehtiva edir. İran noyabrın 15-dən 19-dək Nayrobidə keçirilən Mədəni İrs üzrə Hökumətlərarası Komitənin beşinci sessiyasında bu döyüş sənətini YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edib. İndiyədək zorxana idman yarışları üzrə iki beynəlxalq turnir keçirilib. Beynəlxalq yarışların birincisi 2009-cu il martın 13-17-də Azərbaycanda, ikinci beynəlxalq zorxana idman yarışı isə 2010-cu il iyulun 11-12-də Tacikistanın paytaxtı Düşənbədə keçirilib. Yarışlarda İran, Tacikistan, Əfqanıstan, Azərbaycan, Pakistan, Hindistan və Nepal ölkələrinin təmsiçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti