...

İsrail "Azadlıq donanması"na hücumun qurbanlarının qohumlarına kompensasiya ödəməyi təklif edir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 Dekabr 2010 15:35 (UTC +04:00)

RED. əlav.: Təfərrüatlar əlavə olunub

İsrail bu il mayın 31-də "Azadlıq donanması"na hücum zamanı həlak olan türklərin qohumlarına kompensasiya ödəməyi, əvəzində isə bu faktla bağlı İsrail donanmasına qarşı məhkəmə işində Ankaranın yardımını təklif edib. Bu barədə cümə axşamı "Reuters" agentliyi məlumat verib.

Təklif ötən bazar Cenevrədə türk həmkarları ilə keçirilən görüş zamanı İsrail nümayəndələrinin müzakirəsinə verilib, lakin Türkiyə tərəfindən qəbul edilməyib. Belə ki, Türkiyə kompensasiya ilə yanaşı rəsmi üzr istəməyi tələb edir.

"Biz kompensasiya barədə təkliflər etmişik və Türkiyə tərəfindən hüquqi problemlərimizin həlli üçün bütün lazımi işləri görməyi xahiş etmişik. Biz, həmçinin istəyirik ki, Türkiyə tərəfi öz səfirini qaytarsın və Ankarada yeni səfirimizi təyin etməyə bizə icazə versin", - "Reuters" İsrailin rəsmi nümayəndəsinin sözlərini xəbər verib.

Diplomatik mənbələrdən verilən məlumata görə, İsrail hər ailəyə 100 min dollar təklif edib və hadisə ilə bağlı təəssüf hissini ifadə edib, "Reuters" xəbər verir.

İsrailin Baş nazirinin məsləhətçisi Ron Dermer İsrail radiosuna bildirib ki, Baş nazir Netanyahu üçün ən vacib amil İsrail dəniz piyadalarını həbsdən qorumaqdır.

"Biz yadda saxlamalıyıq ki, BMT-də bizim hərbçilərimizi həbsdə görmək istəyən qüvvələr var",- Dermer deyib.

İsrailin humanitar yardım aparan donanmaya doqquz türkün həlak olmasına səbəb olan hücumu yaxın keçmişdə hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə və İsrail arasında münasibətləri dərhal kəskinləşdirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu hadisədən sonra dəfələrlə İsraili "dövlət terrorçuluğu"nda günahlandırıb, rəsmi üzr istəmək və həlak olan türklərin ailələrinə kompensasiya ödəməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti