...

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III qurultayı keçirilmişdir

Dünya xəbərləri Materials 24 Noyabr 2012 19:18 (UTC +04:00)
Şənbə günü Türkiyənin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III Qurultayı keçirilmişdir. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III qurultayı keçirilmişdir

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Şənbə günü Türkiyənin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının III Qurultayı keçirilmişdir. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra qurultayın Rəyasət Heyəti seçilmiş və TADF sədri Bilal Dündarın hesabat məruzəsi dinlənilmişdir. Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat vermişdir. O, reallaşdırılmış layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişafına, Azərbaycanın Türkiyədə daha yaxından tanıdılmasına xidmət etdiyini bildirmişdir. Qeyd etmişdir ki, təşkilatın fəaliyyətini daha da gücləndirmək üçün hüquqşünasların və peşəkar mütəxəssislərin quruma cəlb olunması planlaşdırılır. TADF sədri federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökümət təşkilatları, siyasi partiyaları, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini qeyd etmişdir. O, Balıkəsr Bələdiyyə Məclisinin Xocalı faciəsini soyqırımı kimi tanıyan qərar qəbul etdiyini də diqqətə çatdırmışdır.

Hesabat məruzəsindən sonra federasiyanın ötən dövrdəki fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Nəzarət-təftiş komissiyasının hesabatı dinlənildikdən sonra qurultay nümayəndələrinin təklifləri əsasında Nizamnaməyə bəzi dəyişiklik və əlavələr edilmişdir. Dəyişikliklərə görə İdarə Heyəti üzvlərinin say tərkibi 9-dan 7-yə Nəzarat-təftiş komissiyasınn tərkibi isə 7-dən 5-ə edirilmişdir. Bu dəyişikliyin məqsədi təşkilatın daha operativ idarə edilməsinə nail olmaqdır. Daha bir təklif isə təşkilat İdarə Heyətinə seçkilərdə namizədlərin siyahı əsasında deyil tək-tək verilməsi ilə bağlı olmuşdur. Bu təklif qurultay nümayəndələri tərəfindən qəbul edilmişdir.

Qurultay nümayəndələri federasiyanın tərkibində ictimai xadimlərin təmsil olunduğu Məsləhət Şurasının yaradılması üçün İdarə Heyətinə səlahiyyət verilməsi barədə təklifin də leyhinə səs vermişlər.

Sonra İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibi seçilmişdir.

Qurultay nümayəndələri TADF-in gələcək fəaliyyəti ilə bağlı təkliflərini yeni seçilən İdarə Heyətinin diqqətinə çatdırmışlar. Qurultayda TADF-in mətbu orqanının yaradılması, internet səhifəsinin təkmilləşdirilməsi, üzv təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı tədbirlərin görülməsi və digər qərarlar da qəbul olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsi aparatının rəhbəri Nəriman Qurbanov qurultayda çıxış edərək TADF-in keçdiyi tarixi yol haqqında danışaraq, bu qurumun bir sıra uğurlara imza atdığını bildirmişdir. O, təşkilatın gələcək fəaliyyətində qloballaşan dünyanın reallıqlarını nəzərə alan strategiyanın seçilməsinə ehtiyac duyulduğunu qeyd etmişdir. Qurbanov diasporun ictimai-siyasi fəallığının daha da artırılması, fəaliyyət göstərdiyi ölkələrin kütləvi informasiya vasitələri, siyasi partiyaları, qanunverici və icraedici orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının, ziyalıların diaspor quruculuğu işinə daha fəal cəlb olunmasının zəruriliyini vurğulamışdır.

Toplantının sonunda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciəti qəbul olunmuşdur.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə yaradılmışdır. 2008-ci ildə təşkilatın I qurultayı, 2010-cu ildə II qurultayı keçirilmişdir. Təşkilatın tərkibində Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri təmsil olunur.

Xəbər lenti

Xəbər lenti