...

Avropa Parlamentinin rəhbəri: Keçmiş SSRİ ölkələri Rusiya ilə Aİ arasında seçim etməyə məcbur deyillər

Dünya xəbərləri Materials 25 Oktyabr 2013 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin qarşısında Aİ ilə Rusiya arasında seçim etmək zərurəti qoyulmayıb. Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şultz bildirib.

Şərq Tərəfdaşlığı layihəsi Ai ilə Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarusun siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşmasını hədəfləyir.

Şultz bildirib: "Bütün ölkələr kimlərlə istəsələr ticarət sazişləri imzalamaq və hansı iqtisadi blokun bir hissəsi olmaq barədə müstəqil qərar vermək hüququna malikdirlər. Söhbət Rusiya və Aİ arasında seçim etməkdən getmir. Aİ ilə sıx iqtisadi və siyasi əlaqələr o cümlədən birliyin şərqdə yerləşən ölkələri ilə Rusiya arasında münasibətləri yaxşılaşdıracaq. Bu, bizim hamımızın marağındadır".

Avropa Parlamentinin sədri ümid edir ki, noyabrın sonunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Aİ və Ukrayna arasında assosiasiya haqqında saziş imzalanacaq. Buna ən əsas maneə Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun həbsxanada olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti