Azərbaycan, Bakı, 18 mart /Trend/
Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasını, Dövlət Dumasını və RF hökumətini Krım parlamenti və Sevastopol Qanunvericilik Məclisinin Rusiyanın tərkibinə daxil edilməsi təklifləri və yeni subyektlərin yaradılması haqqında xəbərdar edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumatda deyilir: "Putin RF Federasiya Şurasını Krım Respublikasının Dövlət Şurasının və Sevastopol şəhərinin Qanunvericilik Məclisinin Sevastopol şəhəri də daxil olmaqla Rusiyanın tərkibinə daxil edilməsi və RF tərkibində yeni subyektlərin yaradılması haqqında xəbərdar edib".
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin təxminən 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.