...

Yeni müxalifət keçmiş müxalifətə qarşı

Dünya xəbərləri Materials 6 Noyabr 2014 13:16 (UTC +04:00)

Rus xəbərlər xidməti

Elmira Tariverdiyeva - Trend:

Bidzina İvanişvilinin hazırkı hakim partiyasının hakimiyyətə gəldiyi 2012-ci ildəki yaddaqalan parlament seçkilərindən sonra Gürcüstanda ilk dəfə olaraq Müdafiə Nazirliyinin keçmiş rəhbəri İrakli Alasaniyanın başçılıq etdiyi real, ən başlıcası güclü müxalifətin yaranması şansı ortaya çıxdı.

Ötən çərşənbə axşamı Baş nazir İrakli Qaribaşvili Alasaniyanı vəzifəsindən kənarlaşdırdı. Alasaniyanın güclü müxalifət bloku yaratmaq və onu öz ətrafında toplaması üçün bütün ilkin şərtlər var.

Əvvəla, Alasaniya son rəy sorğularına görə ölkədə ən reytinqli siyasətçidir. O, hələ Qaribaşvili hökumətinə daxil olana qədər tanınırdı. Gənc, amma perspektivli siyasətçi olan Alasaniya ölkəni beynəlxalq arenada təmsil edərək Gürcüstanın BMT-dəki daimi nümayəndəsi olub. 2008-ci ilin dekabrında ozamankı prezident Mixeil Saakaşvilinin ən ehtimal edilən varisi adlandırılan Alasaniya sonuncuya müxalifətə keçdi.

İkincisi, indi Alasaniya Baş nazirin komandasından tək deyil, iki heç də az məşhur olmayan nazirə - Alasaniyanın Bizim Gürcüstan - Azad Demokratlar Partiyasında silahdaşları olan sabiq XİN rəhbəri Mayya Pancekidze və Avropaya və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşvili ilə getdi. Habelə XİN-in bir neçə məmuru, nazirin birinci müavini və ölkənin BMT-dəki nümayəndəsi də istefaya getdiklərini bəyan etdilər.

Bundan başqa, Alasaniyanın Bizim Gürcüstan - Azad Demokratlar Partiyası da hakim koalisiyanı tərk etməyi qərar aldı. Bundan sonra koalisiya parlamentdə səslərin əksəriyyətindən məhrum oldu ki, bu da şübhəsiz, hakim rejimi zəiflədəcək.

Dərk etmək vacibdir ki, Alasaniyanın ətrafında birləşmiş ciddi siyasi özək sadəcə olaraq işsiz qala bilməz. Aydındır ki, Alasaniyanın komandası artıq ən yaxın gələcəkdə güclü müxalifət bloku yaratmaq üçün bütün şanslara malikdir. Xüsusən də, sabiq nazirin silahdaşlarının artıq sınanmış platforması - ölkənin Avropaya inteqrasiyası kursu var.

Gedən siyasətçilərin hər birinin ölkənin siyasi kursunun dəyişməsinə və Gürcüstanın Avropaya inteqrasiyası kursundan döndüyünə görə istefa verdiklərini xüsusi vurğulamaları təsadüfi deyil, Ukraynanın timsalında hamı artıq gördü ki, ölkənin Avropaya inteqrasiya kursundan çıxması nəyə gətirib çıxarır.

Gedən nazirlər komandasının Qərbin etimad və dəstəyindən faydalanacağı da istisna deyil. ABŞ artıq Gürcüstanda yaranan siyasi vəziyyətlə bağlı narahatlığını ifadə edib.

ABŞ Gürcüstan hakimiyyətindəki istefalardan narahatdır və tərəfləri ölkədə sabitliyin və demokratiyanın təmin olunması maraqlarından çıxış etməyə çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psakinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz bu nazirlərin ölkə qarşısındakı xidmətlərini, eləcə də onların ABŞ ilə tərəfdaşlıqlarını yüksək qiymətləndiririk".

Əlbəttə ki, Gürcüstan hökumətinin Alasaniyaya öz müxalifət koalisiyasını yaratmaq şansı verməmək imkanı var. Təsadüfi deyil ki, nazirin istefasından bir müddət əvvəl onun rəhbərlik etdiyi struktura qarşı bir neçə cinayət işi qaldırılmışdı. Lakin bu, vəziyyəti daha da gərginləşdirə bilər və Baş nazirin indi belə riskli addımlar atacağı ehtimalı inandırıcı görünmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti