...

Xarici şirkətlərə İrandan elektrik enerjisi ixrac etməyə icazə verildi

Dünya xəbərləri Materials 6 Oktyabr 2015 17:51 (UTC +04:00)
İran hökuməti bu ölkədə elektrik enerjisi stansiyası tikən xarici şirkətlərə istehsal etdikləri elektrik enerjisini ixrac etməyə icazə verdi.
Xarici şirkətlərə İrandan elektrik enerjisi ixrac etməyə icazə verildi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran hökuməti bu ölkədə elektrik enerjisi stansiyası tikən xarici şirkətlərə istehsal etdikləri elektrik enerjisini ixrac etməyə icazə verdi. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın energetika nazirinin müavini Əlirza Dayimi deyib.

Ə.Dayimi qeyd edib ki, Almaniya, İtaliya və Cənubi Koreya şirkətləri İranda elektrik stansiyaları tikməkdə maraqlı olduqlarını bildiriblər.

O bildirib ki, Koreyanın "LSLC", "Tusan", "Hyundai" və "Eximbank" kimi şirkətləri bu gün Tehranda İran Energetika Nazirliyinin nümayəndələri ilə görüşüb, müzakirələr aparıblar: "Cənubi Koreyanın elektrik stansiyası tikən şirkətlərinə təklif etdik ki, İranda istehsal edəcəkləri elektrik enerjisinin bir qismini qonşu ölkələrə ixrac etsinlər. Hökumət buna icazə verib".

Ə.Dayimi deyib ki, İranda elektrik stansiyası tikən xarici şirkətlərə güzəştlər verilir və bu güzəştlərdən biri də odur ki, onların istehsal etdiyi elektrik enerjisi zəmanətlə onlardan alınacaq.

Onun sözlərinə görə, Cənubi Koreya şirkətləri ilə üçüncü ölkələrdə müştərək layihələrin icrası haqqında da razılıq əldə olunub: "İran qonşu ölkələrdə, o cümlədən, Türkmənistan və Tacikistanda müxtəlif layihələr həyata keçirir".

Nazir müavini bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində İran şirkətləri vasitəsilə 80 layihə icra olunur. "Cənubi Koreya şirkətləri ilə birgə yeni layihələrin icrası hər iki ölkə üçün əlverişlidir. İranda külək və günəş enerjisi sahəsində böyük potensial var və biz Cənubi Koreya şirkətlərinin bu sahədəki texnologiya və biliklərindən istifadə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti