...

Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar

Dünya xəbərləri Materials 8 Fevral 2023 21:19 (UTC +04:00)
Türkiyədə zəlzələdən zərərçəkmiş vətəndaşlarımız Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.

Trend xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar.

Vətəndaşlarımıza yolboyu yemək və digər xidmətlər göstərilib. Fevralın 8-də axşam saatlarında Azərbaycan vətəndaşları səfirlik əməkdaşlarının müşayiəti ilə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti