Bakı. Trend:
Bu gün İran paytaxtı Tehran şəhərinin Darabad bölgəsində seçki məntəqəsinə hücum nəticəsində 3 bəsic (İran milisi) yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Tehran vilayəti valisinin müavini Möhsün Naibi deyib.
Onun sözlərinə görə, soyuq silahla (bıçaq) edilən hücum nəticəsində yaralılardan birinin vəziyyəti ağırdır, biri isə gözünü itirib.
Seçki məntəqəsinə hücum edən şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.
Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.
İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.
Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.
