Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda qəzaya uğrayan helikopterdəki İran prezidenti və onu müşayiət edən heyətin DNT testinə ehtiyac yoxdur.
Trend-in məlumatına görə, bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib.
Onun sözlərinə görə, helikopter qəzaya uğradıqdan sonra yanğın olsa da, cəsədləri müəyyənləşdirmək mümkün olub.
Nami bildirib ki, sadəcə Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşimin cəsədi digər cəsədlərlə müqayisədə daha yaxşı vəziyyətdə olub və az yanıb. Təbrizin cümə imamı hadisədən sonra bir saata qədər sağ qalıb. O, hətta həmin vaxtda İran Prezident Aparatının rəhbəri Qulamhüseyn Esmaili ilə telefonla əlaqə saxlaya bilib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.