Bakı. Trend:
İsrailin Qəzzanın mərkəzi və cənubuna endirdiyi zərbələr nəticəsində azı 13 fələstinli həlak olub, 25 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hərbçilər anklavın mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsində məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış binalarını və müvəqqəti sığınacaqları hədəfə alıblar. Nəticədə 12 mülki şəxs həyatını itirib, 25 nəfər isə xəsarət alıb.
Agentliyin məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.
2023-cü il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları nəticəsində indiyədək 41 909 dinc sakin həlak olub, 97 303 nəfər yaralanıb.