Bakı. Trend:
Brüsseldə avropalı tərəfdaşlarla keçirilən görüşdə enerji məsələləri və bu qış mümkün böhran riskləri müzakirə edilib. Eyni zamanda, Moldova və regionun sabitliyi üçün Avropa İttifaqının (Aİ) dəstəyinin əhəmiyyəti vurğulanıb.
Trend-in məlumatına görə, bu barədə Moldova Prezidenti Maya Sandu Brüssel səfərinin yekunlarına dair açıqlamasında bildirib.
Prezident, həmçinin avropalı tərəfdaşlarla 2025-ci ildə Vahid Avropa Ödəniş Zonasına qoşulmaq üzrə danışıqları başa çatdırmağa razılaşıb. Bu, moldovalıların Aİ bankları ilə apardıqları əməliyyatlara görə vergi ödəməməsi və rouminq tariflərinin tam ləğvini mümkün edəcək.
Səfərin digər mühüm mövzusu Moldovada kiçik və orta sahibkarlığın inkişafı, infrastruktur və məskunlaşmaların modernləşdirilməsi üçün Aİ tərəfindən göstərilən maliyyə dəstəyi olub.
Maya Sandu hakimlərin qiymətləndirilməsi prosesinin müsbət nəticələrindən də danışıb və vətəndaşların dövlət qurumlarına inamının artırılması, korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsi və Aİ ilə yaxınlaşma istiqamətində mühüm addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Sandu Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Parlamentinin sədri Roberta Metsola və digər rəsmilərlə görüşüb.