Bakı. Trend:
2024-cü ildə Türkiyə hava limanlarının xidmətlərindən 230 milyon 224 min 611 nəfər istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu ölkənin hava limanlarında sərnişindaşıma statistikasını açıqlayarkən deyib.
Nəqliyyat naziri Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMİ) məlumatlarına istinad edərək bildirib ki, təkcə 2024-cü ilin dekabrında 170 minə yaxın reys qeydə alınıb, onların da 58 mini beynəlxalq uçuşlar olub. Sərnişinlərin sayı 15 milyon 562 min 646 nəfər təşkil edib ki, onlardan 8,5 milyona yaxını beynəlxalq reyslərə bilet alıb.
Ümumilikdə 2024-cü ildə Türkiyə hava limanlarına daxili reyslər üzrə 902 min 78, beynəlxalq reyslərdə isə 866 min 779 təyyarə eniş və uçuş həyata keçirib.
İl ərzində ölkənin hava limanlarının terminalları vasitəsilə 4,9 milyon ton yük daşınıb.
Uraloğlu ötən il Türkiyənin turizm vilayətlərinin hava limanlarında 60,8 milyon sərnişinə xidmət göstərildiyini də bildirib.