Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, Tramp federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağaların yenidən nəzərdən keçirilməsi, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrə qoyulmuş moratoriumun ləğvi ilə bağlı müvafiq qurumlara göstəriş verəcək. Trampın keçid komandasına yaxın mənbə bu tədbirlərin ABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə kömək edəcəyini bildirib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.