Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri çərçivəsində əsas müzakirə obyektlərindən biri Rusiya qazının İrana ixrac edilməsi olacaq.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya qazının İrana ixrac edilməsi ilə İran bölgədə enerji və qaz mərkəzinə çevrilə bilər.
Araqçi deyib ki, hazırda neft və qaz boru xətlərinin çəkilməsi üzrə müzakirələr aparılır.
"Bu, İran və Rusiya arasında ən önəmli layihələrdən biridir. Ümid olunur ki, bu səfər çərçivəsində bu istiqamətdə irəliləyişlər əldə olunacaq.
İranın bir neçə istiqamətdən, həm Mərkəzi Asiya istiqamətindən, həm Xəzər dənizi istiqamətindən, həm də Qafqaz istiqamətindən Rusiya ilə əlaqəsi var. Hazırda onların bəzisinin təkmilləşdirilməsi istiqamətində irəliləyişlər əldə olunub, bəziləri isə hələlik təkmilləşdirilməyib”, - deyə o qeyd edib.
Qeyd edək ki, 26 iyunda 2024-də İranın Milli Qaz Şirkətinin icra direktoru Məcid Çegeni və Rusiyanın QazProm Şirkətinin icra direktoru Aleksey Miller arasında Rusiya qazının İrana nəql olunması üzrə sənəd imzalanıb.
Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda 22 qaz yatağı aktivdir.
Bildirək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvarda Rusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.