Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Trend “Associated Press” agentliyinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri bu görüşün təfərrüatlarının Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun bu həftə İsrailə səfəri zamanı müəyyənləşdirilə biləcəyini bildiriblər.
Əgər səfər baş tutarsa, Netanyahu Ağ Evdə Tramp ilə görüşən ilk xarici lider ola bilər. Qeyd edək ki, Tramp keçən həftə ABŞ Prezidentliyi vəzifəsinin icrasına başlayıb.
Hələlik ABŞ administrasiyası bu məlumatı şərh etməyib. Netanyahunun sözçüsü Ömər Dostri yanvarın 27-də X sosial platformasında bildirib ki, İsrail lideri hələ də Ağ Evdən rəsmi dəvət almayıb.
Bununla belə, adının açıqlanmasını istəməyən İsrail rəsmisi fevral ayında Netanyahunun Ağ Evə səfər edəcəyini ehtimal etsə də, konkret tarix açıqlamayıb.
Bu arada, Stiv Vitkoff İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının həyata keçirilməsinə dəstək vermək üçün yanvarın 29-da İsrailə səfər edəcəyini bəyan edib. Hazırda atəşkəsin birinci mərhələsi davam etdirilir.