Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə aksiya iştirakçıları şəhərdən çıxışı qismən bağlayıblar.
Trend xəbər verir ki, etirazçılar "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşıblar, lakin sonradan yol boyunca yürüş keçirməyə qərar veriblər.
Etirazçılar arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var. Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Hazırda etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb, yalnız ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi daha əvvəl bəyanat yayaraq, Tbilisiyə girişin beynəlxalq əhəmiyyətli strateji yol olduğunu və onun bağlanmasının cinayət məsuliyyəti daşıyacağını mitinq iştirakçılarının diqqətinə çatdırıb. Bildirilir ki, ticarət mərkəzi adi rejimdə fəaliyyətini davam etdirir.