Bakı. Trend:
İran hökuməti ölkənin vətəndaşları olan etnik azlıqların ana dili tədrisi və ana dilində təhsil almaları ilə əlaqədar İslam Şurası Məclisinə layihə təqdim edəcək.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (4 mart) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranda yaşayan etnik azlıqların ana dili ölkənin mədəni irsidir. Bu, İran Konstitusiyasının 15-ci maddəsində də açıq-aşkar şəkildə qeyd olunur. Ölkədə 400 dil və dialekt müəyyənləşib və bunun daha da artacağı gözlənilir.
Mohacerani bildirib ki, təhsil sahəsində bir çox hallarda qiymətlərin aşağı olmasının səbəblərindən biri abituriyentlərin iki dilli olmasına görədir. Buna əsasən ana dilinin tədrisi və ana dilində tədris çox önəmli məsələlərdən biridir.
"Layihə dil haqda tam ətraflı bir layihə hesab olunur. İranda rəsmi dil fars dilidir. Digər tərəfdən ölkədəki digər dillər İranın mədəni irsi hesab olunur. Buna əsasən layihə dillər arasındakı məsafəni elə bir formada doldurmalıdır ki, ikidilli olan uşaqlar həm təhsil sahəsində bundan ziyan görməsin, həm də mədəni irs qorunsun", - deyə o qeyd edib.
Qeyd edək ki, ötən həftə İran parlamenti orta məktəblərdə yerli etnosların dil ədəbiyyatının tədris olunması planını qəbul etməyib.