Bakı. Trend:
Son 3 ildir Çində nikahların və yenidoğulanların sayının azalması, ölümlərin sayının isə çoxalması fonunda əhalinin sayı da azalır.
Trend xəbər verir ki, Milli Statistika Bürosu Çinin ümumi əhalisinin 2023-cü ildəki 1,409 milyarddan 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,40828 milyard nəfərə düşdüyünü açıqlayıb.
Çində 1980-ci ildən 2015-ci ilə qədər həyata keçirilən “hər ailəyə bir uşaq” siyasəti və sürətli urbanizasiya səbəbindən doğum nisbəti onilliklər ərzində azalmaqda davam edir. 2024-cü ildə Çində yaşı 65-dən yuxarı olanların sayı ölkə əhalisinin 15,6 faizini təşkil edib. Proqnozlara görə, bu rəqəm 2031-ci ildə 20 faizə çatacaq və bununla Çin “super yaşlı cəmiyyət”ə çevriləcək. Bu neqativ tendensiya davam edərək, 2050-ci ildə 29,5 faizə, 2086-cı ildə isə 42,4 faizə çatacaq. Əhalinin ümumi sayının, o cümlədən əməkqabiliyyətli insanların sayının azalmasının, təqaüdçülərin sayının isə çoxalmasının iqtisadiyyata, eləcə də dövlət büdcəsinə neqativ təsirləri qaçılmazdır. Hazırda Çinin dövlət və özəl pensiya fondlarındakı vəsaitlərin ümumi məbləği 1,45 trilyon dollardır. Ekspertlər hesab edir ki, bu məbləğ gələcək 5-10 il ərzində tələbatı ödəyə bilməyəcək və təxminən bir o qədər əlavə vəsaitə ehtiyac yaranacaq.