Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələri qısa müddətə səyahət edənlər üçün Giriş/Çıxış Sistemi (EES) adlı avtomatlaşdırılmış reyestrin tətbiqi barədə razılığa gəlib.
Trend "Euronews" telekanalına istinadən xəbər verir ki, Brüsseldə daxili işlər nazirlərinin əldə etdiyi razılaşma sistemin payızda işə düşməsinə yol açır.
Üzv dövlətlərə iki seçim verilir:
- Yeni sistemi dərhal tətbiq etmək
- Altı aylıq keçid dövrü ərzində mərhələli şəkildə işə salmaq
- Keçid dövrünün sonunda bütün sərhəd yoxlamaları EES çərçivəsində
həyata keçiriləcək.
EES-in əsas məqsədi:
- Aİ-nin xarici sərhədlərində yoxlamaların modernləşdirilməsi
- Pasportlardakı ənənəvi ştampların elektron sistemlə əvəz
edilməsi.
Sistem turizm, istirahət və iş məqsədi ilə Aİ-yə səfər edən və 180 gün ərzində 90 günə qədər qalan Aİ üzvü olmayan ölkələrin vətəndaşlarına şamil ediləcək.
EES işə düşdükdən sonra ziyarətçilərdən pasportlarını təqdim etmələri və üzlərinin fotoşəkli ilə barmaq izlərinin elektron şəkildə skan edilməsi tələb olunacaq.