Bakı. Trend:
Böyük Britaniya hökuməti Şotlandiyanın Cromarty Firth limanını üzən dəniz külək enerjisi mərkəzinə çevirmək üçün 55,7 milyon funt sterlinq (71,45 milyon dollar) sərmayə ayıracaq.
Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Britaniya 2030-cu ilə qədər elektrik enerjisi sektorunu əsasən dekarbonizasiya etməyi hədəfləyir. Bu məqsədə çatmaq üçün dənizdə külək enerjisinin genişləndirilməsi əsas prioritetlərdən biridir.
Üzən turbinlərin üstünlüyü onların dənizin dibinə sabitlənməsini tələb etməməsi və sahildən daha uzaqda yerləşdirilə bilməsidir. Bu həm yerli icmaların estetik narahatlıqlarını azaldır, həm də daha güclü küləklərdən istifadə etməyə imkan yaradır.
Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamenti bildirib ki, hökumətin bu maliyyə dəstəyi limanın əlavə sərmayələr cəlb etməsinə kömək edəcək və obyektin 2028-ci ilin əvvəlinə qədər fəaliyyətə başlaması gözlənilir.