Bakı. Trend:
Martın 6-da Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində qəbul edilən yenidən silahlanma planı Almaniyanın İkinci Dünya müharibəsindən sonra qitədə ən böyük orduya sahib olmasına gətirib çıxaracaq.
Trend xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət və Sənaye Palatasında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aİ-nin bütün 27 üzvünün təsdiq etdiyi plan 800 milyard avroluq paketin formalaşdırılmasını nəzərdə tutur. Bu paket Aİ ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinə, silahlı qüvvələrin modernləşdirilməsinə və hərbi sənayenin inkişafına yönəlib.
"Biz İkinci Dünya müharibəsindən bəri belə bir şey görməmişik. Əsas məsələ Rusiya və ABŞ-nin buna necə reaksiya verəcəyidir", – Orban bildirib.
O əlavə edib ki, plan əsasən dövlət kreditləri hesabına həyata keçiriləcək ki, bu da milli büdcələrin kəsirini müəyyən edilmiş səviyyədən yuxarı çıxara bilər və nəticədə Maastrixt müqavilələrinin pozulmasına gətirib çıxara bilər.
"Bütün Aİ borc bataqlığında qala bilər. Macarıstanın əsas qanunu buna icazə vermir. Ona görə də burada hələ çox müzakirələr olacaq", – deyə Orban xəbərdarlıq edib.
Qeyd edək ki, planın maliyyə hissəsi yenidən baxılmaq üçün geri göndərilib.